[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Prokurorluq keçmiş deputatın ağac kəsdirdiyi yerə BAXIŞ KEÇİRİB
Zamantv.az : - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılmışdır.

Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınmış və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülmüşdür.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.//dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir, öləndə heç nə apara bilmirsən...” - Xalq artisti
“Ölkə başçısının məmurlarla bağlı dediklərini alqışlayıram. Doğrudan da çox özbaşınalıqdır. Məsələnin 50-60 faizi yerinə yetirilsə, mən çox sevinərəm. Çünki doğrudan da insanlar bezib. Hara gedirsən ancaq rüşvət istəyirlər. Hamı pul gözləyir, bu nə deməkdir. Çox qarmaqarışıq bir mühitə düşmüşük”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. R.Balayev məmurların insanlardan pul ummasına təəssüfləndiyini bildirib:
“Korrupsiya insanlarımızı, gənclərimizi korlayır. Bir var insan öz fəaliyyətindən ləzzət alıb işləyə, amma bir də var ki, adam fikirləşir ki, hardan necə pul qoparım. Yəni bu əqidəylə böyümək olmaz. Hər şeyin həddi var. Cənab Prezidentin bu çıxışı təqdirəlayiqdir. Məmurdu neynək, qoy yaxşı dolansın, amma hər şeyin bir həddi var axı. Qiyməti milyonlarla ölçülən villalar tikirlər. Ayıbdır vallar. Məmurların əksəriyyəti korrupsiyayla məşğuldur. Nə olub, nə xəbərdir. Məmurlarımız niyə dərk etmirlər ki, bu dünya müvəqqətidir və sən öləndə heç nə apara bilmirsən. Bunu görmək lazımdır, bu nə deməkdir axı. Ümid edirəm ki, ölkə başçısının dediklərindən həmin məmurlar nəticə çıxaracaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışı zamanı məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı korrupsioner məmurların xidmətini hətta “ayı xidməti”nə bənzədib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
HARIN KASSİRİ ilə yenidən gündəmə gələn Zakir Qaralov HARALARDADI...
Zamantv.az xəbər verir ki, modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə sabiq baş prokuror Zakir Qaralovun harada olduğunu öyrənməyə çalışıb.

Rubrikamızın keçmiş baş prokuroru gündəmə gətirməsi təsadüf deyil. Çünki 13 yanvar tarixi Zakir Qaralovun doğum günüdür. Bu gün onun 66 yaşı tamam olur.

Zakir Bəkir oğlu 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib.

Ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ölkə başçısının 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. 29 sentyabr 2008-ci il tarixli sərəncamla isə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı alıb.
13 yanvar 2016-cı ildə Zakir Qaralova "Şöhrət" ordeni verilib.

Ailəlidir, iki övladı var.

2020-ci il mayın 1-də Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə son qoyuldu.

Onun işdən çıxarılması ilə qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumunda rəhbərlik dəyişdi.

Yəqin ki, Zakir Qaralovun özünə qalsaydı, 20 il eyni vəzifədə olmağına rəğmən istefa verməz və daha 5 il müddətinə də qalıb işləyərdi.

Zakir Qaralovun 20 il eyni vəzifədə qalmasına ictimaiyyət birmənalı münasibət bəsləmirdi və o, təqaüdə yola salınanda bunu gecikmiş addım hesab edənlər az olmadı.

Zakir Qaralovun dönəmində bir sıra hay-küylü hadisələr baş verib və onun həmin olaylara reaksiyası eks-baş prokurora münasibət formalaşdırıb. Onun personası ətrafında tez-tez mübahisəli fikirlər dolaşıb.

Zakir Qaralovun təqaüdçü hüquqşünas kimi hazırda Bakıda olduğu və özünə məxsus biznes strukturlarının idarəetməsilə məşğul olduğu bildirilir. Həmin sahələrin dərman biznesindən tutmuş, mebel və bir sıra xarici məhsulların idxalına qədər gedib çıxdığı barədə məlumatlar yayılıb.

Eks-baş prokurorla bağlı yayılan digər məlumatda isə onun Gürcüstana səfir getmək istəyilə bağlıdır.

Qeyd edək ki, əvvəllər Azərbaycanda belə təcrübədən istifadə olunurdu: yüksək vəzifələrdən azad edilən sabiqlər xarici ölkələrə səfir getməyə çalışır və bir sıra hallarda buna nail də olurdular…

Amma son illərin təcrübəsi belə deməyə əsas verir ki, həmin ənənəyə son qoyulub. Sabiqlər daha səfir göndərilmirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Erməni təxribatlarının izi ilə: bu, sülhdən yayınmağa cəhddir - FAKT BUDUR!
Zamantv.az Ermənistan silahlı qüvvələri bir neçə gündür ki, Azərbaycanla sərhəddə təxribatlar törətməkdədir. Yanvarın 11-də düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz Ayaz Nəzərov şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Nazirlikdən vurğulanıb ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Nazirliyin digər məlumatında qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bildirilib ki, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır: “Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

“Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”, - deyə nazirliyin məlumatında vurğulanıb.

Düşmənin təxribatlarının sayını artırması, İrəvanın bununla hansı mesajları verdiyini analitiklər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki, Ermənistan növbəti dəfə üçtərəfli bəyanatların icrasına, sərhədin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı əldə olunan ilkin razılaşmaları pozmağa cəhd göstərir.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin üzvü, deputat Elşad Mirbəşir AYNA-ya bildirib ki, Ermənistanın indiki halda sərhəd ərazidə gərginliyi artırması, təxribatlar törətməsi təəccüblü deyil: "Birincisi, Ermənistan mahiyyət etibarilə təxribatçı və terrorçu dövlətdir. Bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyə, sülhə təhdid yaradan məhz Ermənistandır. Bu dövlət təxribatları ilə bölgədə sabitliyin olmasında maraqlı olmadığını nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli bəyanatlar imzalanıb ki, bunun şərtlərinə əməl olunması yekunda sülh sazişinin imzalanmasını şərtləndirməlidir. Ermənistan isə təxribatlarını davam etdirməklə göstərir ki, bəyanatların şərtlərinə əməl etməkdən yayınır. Bununla rəsmi İrəvan yekun sülh sazişinin imzalanması prosesini ləngitmək niyyəti güdür".

"Məlumdur ki, Qərbin bəlli dairələri münaqişə vəziyyətindən istifadə edərək Cənubi Qafqazda öz maraqlarını təmin edirdilər. Ermənistan da təxribatlar törədərək münaqişə vəziyyətinin qaldığı, münaqişənin bitmədiyi təəssüratını yaratmağa çalışır. Xüsusilə, Fransa və ABŞ artıq mövcud olmayan münaqişənin tənzimlənməsinin ATƏT-in Minsk Qrupu formatında davam etdirilməsi çağırışları ilə çıxış edirdilər. Düşünürəm ki, Ermənistanın addımları da bu istiqamətdə müzakirələrin yenidən başlamasına nail olmağa hesablanıb", - deyə millət vəkili söyləyib.

Deputat vurğulayıb ki, Azərbaycan təhlükəsizliyini təmin etmək istiqamətində bütün addımları atır, xəbərdarlıqlarını edir: "BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq, dünya dövlətləri fərdi və ya kollektiv şəkildə təhlükəsizliyini təmin etmək hüquqlarına malikdirlər. Azərbaycan dövlət sərhədində təxribatlar törədən düşmən tərəfini susdurur".

"Təxribatlar ermənilərin yaşadığı Azərbaycan ərazilərində həyata keçirilərsə, ölkəmiz öz torpaqlarında antiterror əməliyyatları həyata keçirmək hüququna malikdir. Bununla bərabər, siyasi təxribatlara da layiqli cavab veriləcək. Bu gün Ermənistan artıq vəziyyəti dəyişəcək addımlar atmaq iqtidarında deyil. Törətdiyi təxribatların nəticəsinin ermənilər üçün necə ağrılı ola biləcəyini Vətən müharibəsində onlar yaxşı gördülər. Hesab edirəm ki, İrəvan bu təxribatlara son qoymalı, sülhə yaxınlaşmalıdır. Əks təqdirdə, vəziyyət onlar üçün ürəkaçan olmayacaq", - deyə deputat fikrini tamamlayıb.

Politoloq Fikrət Sadıqov da AYNA-ya deyib ki, Ermənistan sərhəddə törətdiyi təxribatlarla əldə olunan razılaşmaların icrasından imtina edir, dolayısı ilə sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır: "Razılaşmalara qarant olan Rusiyadır ki, hesab edirəm, Moskva İrəvana təxribatlarla bağlı xəbərdarlıq etməlidir. Və belə təxribatların qarşısı alınmalıdır".

"Azərbaycan Ordusu hər bir təxribata adekvat addımlar atır, atmaq iqtidarındadır və atacaq. Əgər Ermənistan bölgədə sülhün bərqərar olmasının tərəfdarıdırsa, üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsini gecikdirməməlidir. Lakin görünür ki, Ermənistan yekun sülh müqaviləsini imzalamağa hazır deyil. Ermənistanın daxili-siyasi vəziyyəti Baş nazir Nikol Paşinyanı vurnuxdurur. Paşinyan çalışır ki, daxildəki və xaricdəki bir sıra qüvvələrin maraqlarına uyğun addımlar atsın. Amma Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi bağlanmalıdır. Bu, əslində Ermənistan üçün daha çox vacibdir. Bölgədə sülhün yaranmasını istəyən qüvvələr Ermənistana xəbərdarlıq etməlidirlər ki, təxribatlara son qoysun, adam kimi siyasət aparsın", - analitik dikrini yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektləri təhvil verməyə başlayıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlıları mühafizə etdiyi obyektləri bu ölkənin mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Zamantv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin Azərbaycansız SSRİ qurur? - AKTUAL
Son günlər, xüsusilə də Qazaxıstanda baş verənlərdən sonra Putinin digər keçmiş ittifaq respublikalarında da çevrilişlər hazırladığı, həmin ölkələrin müstəqilliyini təhdid etdiyi iddiaları ortaya atılır. Amma bir şey unudulur ki, Rusiya nə qədər böyük və qüdrətli olsa da, dünyanın indiki dönəmində bu sayda ölkəni bir dəfəyə işğal edə bilməz. Elə KTMT-nin hərbi birləşmələrinin Qazaxıstana daxil olmasına ABŞ başda olmaqla, Qərbin kəskin reaksiyası, həmçinin Ukrayna ətrafında yaşananlarla bağlı təpkilər Kremlin ümumilikdə postsovet məkanı ilə bağlı gözlənilən siyasətinə münasibətdən xəbər verir. Amma Rusiyadakı imperiyapərəstlərin mövqeyinin “çiçəklənməsi” də narahatlıq doğurur.

Düzdür, Rusiya prezidenti Vladimir Putin ötən il SSRİ-nin bərpası barədə danışarkən özü bu ideyanı mənasız adlandırmışdı. “Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, - deyə Putin bildirmişdi. Onun sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq. Amma üstündən təqridən yarım il keçəndən sonra fərqli müşahidələr ortadadır. Məsələn, Kremlin keçmiş baş ideoloqu Vladislav Surkovun yeni proqram xarakterli məqalə dərc etməsi və Rusiyanın daxili problemlərinin həllinin imperialist ekspansiyada olduğunu iddia etməsi diqqət çəkir. Surkov deyib ki, ya Rusiya ərazisini genişləndirməli, ya da ölməlidir. Hər halda, Jirinovski, Duqin, Zatulin, Milonov kimi imperiya sevdalıların baş qaldırması həm də hakimiyyətin mövqeyinin məntiqi nəticəsidir. Prezident Putinin KTMT-nin onlayn konfransında “evimiz”lə bağlı dedikləri də Rusiyanın iştahının göstəricisidir.

Amma bu situasiyada Rusiyanın Azərbaycanla bağlı mövqeyi, Putin-Əliyev münasibətlərinin yüksək səviyyədə qalması və inkişafı ölkəmizlə bağlı optimist fikirlər üçün əsas yaradır. Xüsusilə də 44 günlük müharibədə Putinin tutduğu mövqe heç kimə sirr deyil. Düzdür, Azərbaycan KTMT-yə müşahidəçi üzv kimi sonuncu dəfə ötən ilin sonlarında Nazarbayev tərəfindən dəvət olunmuşdu. Amma rəsmi Bakının qətiyyətli mövqeyi hamıya bəllidir, ölkəmiz bloklara qoşulmur. Hazırda isə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi davam etdirir. Belə olan halda sual yaranır: Putin SSRİ-ni Azərbaycansız bərpa edir? Bir sıra müşahidəçilər hesab edir ki, bizim cəmiyyətin Rusiyadan aşırı şəkildə ehtiyatlanması kompleksdən doğur. Konkretləşdirsək, uzun onilliklər boyu davam etmiş əzilmişlik kompleksidir bu! Amma bir az da bilərəkdən, maraqlı dairələr və şəxslər tərəfindən ictimai şüura yeridilir. Bəs bu Rusiya xofundan necə qurtulaq?

Zamantv.az-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, MDB məkanında hansısa dövlətlərin eyni bir məkanda birləşməsindən söhbət getsə də, SSRİ-nin bərpası ilə bağlı dəqiq heç bir fikir və ya addım atılmayıb: “Əgər Rusiya ilə ən yaxın dövlət kimi Belarus misal gətirilərsə, onların öz arasında da həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən fikir ayrılığı mövcuddur. Yəni MDB məkanında bir yerdə olmaq hələ SSRİ-nin bərpası demək deyil. Bütün bu söhbətlərə səbəb, zənnimcə, Qərb, ABŞ və Rusiya arşında illərdir davam edən ”soyuq müharibə"dir. Bunun da səbəbi nüvə silahlarının, o cümlədən yaxın və orta mənzilli nüvə başlıqlı raket silahların Rusiyanın əlindən alınması və ya məhv edilməsinə təhrik etməkdir".

A.Nağıyev qeyd etdi ki, son Cenevrə danışıqları da bunu bir daha təsdiq edir: “Yəni Rusiya güclü hərbi sənaye kompleksinə malik bir dövlət kimi bir sıra dövlətlərə silah ixrac edir, hansılar ki, ABŞ-ı narahat edir. Buna adekvat addımlar kimi NATO-nun Qərbdə təlimləri və bazalarının artırılmasıdır. Eyni zamanda Ukrayna sərhəddində Rusiyanın 100 minlik hərbi kontinqentinin cəmləşməsi də Qərbdə narahatlıq yaradır. Orta Asiyada, o cümlədən Qazaxıstanda son baş verənlər də göstərdi ki, Qərb Rusiya ilə bağlı planlarını həyata keçirməkdə davam edir. Rusiya da öz növbəsində adekvat addımlar atır və təbii ki, bu da kənardan SSRİ-nin bərpası kimi görünür”. Deputat xatırlatdı ki, ABŞ vaxtilə nüvə silahları ilə bağlı heç SSRİ-nin süqutunu istəmirdi: “Çünki silahlar bir neçə dövlətdə qala bilərdi. Buna görə də müəyyən zəmanətlər müqabilində Ukraynada və bir sıra dövlətlərdə silahların məhvinə nail oldular. Amma Rusiya ilə bu, baş tutmadı. İndi isə hətta Rusiyanın İranla, istərsə də Türkiyə ilə bu sahəda əməkdaşlığı Qərbdə qıcıq yaradır və nüvə silahlarını hansısa terror dəstələrinin ələ keçirəcəyi ilə bağlı anonslar verilir. Yəni SSRİ -nin bərpası imitasiya ola bilər, lakin real görünmür”. Amma A.Nağıyev hesab edir ki, pərdəarxası siyasi oyunlar da var. Ölkəmizə gəldikdə, deputat əminliklə qeyd etdi ki, Azərbaycanla bağlı məsələlər və SSRİ-nin bərpası məsələsi, ümumiyyətlə, inandırıcı deyil: “Biz həm Qərblə, həm Rusiya ilə normal iqtisadi, siyasi, hərbi və mədəni əlaqələr qurmuşuq və siyasətimiz də suverenlik, müstəqillik, təhlükəsizliyimizin həyata keçirilməsi və xalqımızın rifahıdır. Heç bir dövlətin ərazi bütövlüyünü təhdid etmirik. Bununla belə, bəzi qüvvələr çalışırlar ki, Azərbaycanda bir SSRİ xofu yaratsınlar, bu da alınan deyil. Çünki hazırda Rusiya -Azərbaycan- Türkiyə əlaqələri mühüm amildir, regional məsələlər qlobal məsələlərin elementləridir. Yəni hətta bunu istəsələr belə bu alınmaz. Tək silah gücünə də bunu etmək qeyri-mümkündür və bu heç Rusiyaya da hər hansı müsbət divident gətirməz. Rusiyanın Azərbaycanla bağlı mövqeyi çox yüksək səviyyədədir. 44 günlük müharibədə Putinin tutduğu mövqe də heç kimə sirr deyil. Ümumilikdə SSRİ-nin bərpasını kimlərsə arzulasa da, bu, hələ yaxın gələcəkdə mümkün reallıq deyil”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də əminliklə bildirdi ki, SSRİ-nin hər hansı bir formada bərpası mümkün deyil: “Bu amilin qabardılması həm postsovet məkanında, həm də Qərbdə, xüsusilə də Şərqi Avropada xof yaradılmasına xidmət edir. Rusiyanın hərbi gücü və potensialı haqqında yaradılan mif bu ölkənin imkanlarından dəfələrlə böyükdür. Və bu mifin yaradılmasında Rusiyanın özündən daha çox onun postsovet məkanına və Avropaya sızmış ”beşinci kolon"unun təmsilçiləri, satqın Qərb siyasətçiləri və mediası, eləcə də müti, qorxaq, azad düşüncədən məhrum, sığınmaq üçün güc axtaran texnokratlar, keçmiş sovet nomenklaturasının bəzi tör-töküntüləri və onların törəmələri daha çox rol oynayırlar. Eyni zamanda 2000-ci illərdən başlayan və bəşəriyyətin üz qarası Barak Obamanın prezidentliyi dönəmində vüsət alan “rəngli inqilablar” dalğası, bu “inqilablar”ın dünyanın müxtəlif ölkələrini cəhənnəmə çevirmələri qeyri-sabitlikdən yorulan xalqları alternativ güc axtarışına çıxmağa məcbur edir və bu vəziyyətdən avtoritarizmə meylli olan siyasətçilər də məharətlə istifadə edirlər".

E.Mirzəbəyli hesab edir ki, Qərbin xarizmasız, xaraktersiz, ultraliberal siyasətçilərinin də Rusiya amilinin qabardılmasında rolu böyükdür: “Rusiyaya güzəştə getmək olmaz. Çünki bu ölkə dünyada, yaxud hansısa regionda sabitliyin qorunub saxlanılması məqsədilə edilən güzəşti də geriyə çəkilmək kimi anlayır və təzyiqlərini daha da artırır. Vaxtilə SSRİ-yə münasibətdə yumşaq mövqe nümayiş etdirən Avropa siyasətçilərinin qeyri-müəyyən və qorxaq davranışlarına ABŞ prezidenti Ronald Reyqanın 1983-cü ildə Floridada etdiyi çıxış son qoymuşdu. SSRİ-ni ”şər imperiyası" adlandıran Reyqan öz qətiyyətli mövqeyi ilə “yumşalma” cəhdlərini alt-üst edərək Qərbin SSRİ-yə qarşı birgə mübarizəsini təşkil etməyi bacarmışdı. Reyqan deyirdi ki, “əgər tarix bizə nəyisə öyrədibsə, bu, ona görədir ki, arzu etdiklərimizi reallıq kimi təqdim etməklə təcavüzkarı əyləndirmək axmaqlıqdır. Bu, öz keçmişimizə xəyanət və azadlığımıza etinasızlıqdır”. Hesab edirəm ki, Ronald Reyqanın yanaşması bu günümüz üçün aktualdır. Bu gün əksər Qərb siyasətçiləri Rusiyaya bağlı təqdimatlarında əsasən öz arzularını reallıq kimi təqdim etməyə çalışırlar. Onlara elə gəlir ki, Moskva ilə uzun-uzadı müzakirələr hansısa nəticəyə gətirib çıxaracaq. Amma bu, belə deyil. Rusiya bu müzakirələrə sərf olunan vaxtdan və “yumşalma”dan istifadə edərək öz təsir imkanlarını daha da gücləndirəcək və yeni şərtlərini diqtə etməyə çalışacaq". Analitik hesab edir ki, məhz bu səbəbdən də Rusiya ilə onun öz dilində danışmaq, bir zərbəsinə on zərbə ilə cavab vermək lazımdır: “Rusiya siyasətçiləri əmin olsalar ki, şıltaqlıqları onlara baha başa gələcək, o zaman dayanacaqlar. Təəssüf ki, dünyada bu əminliyi yarada bilən siyasətçilərin sayı çox azdır. Yarada bilənlərin rəhbərlik etdiyi ölkələrin potensialı isə belə davranmağa imkan vermir. Doğrusu, əgər bu gün kimlərsə hələ də ”Rusiya xofu"nun təsiri altında əzilirsə, bu artıq həmin şəxsin şərin köləsinə, buyruq quluna çevrildiyini sübuta yetirir. Hətta zorakılğın ən qatı əleyhdarlarından olan Mahatma Qandi deyirdi ki, “əgər zorakılıqla qorxaqlıq arasında seçim etmək məcburiyyəti yaranarsa, o zaman mən zorakılığı seçməyi tövsiyə edərdim”. Martin Lüter Kinq isə qorxaqlığı zorakılıqdan daha böyük şər adlandırırdı. Düşünürəm ki, Rusiyanın iddialarının qarşısının alınmasının yolu cəsarətli və qətiyyətli davranmaqdan keçir". E.Mirzəbəyli dedi ki, liberal Qərbdən fərqli olaraq, postsovet məkanında yaşayan xalqların böyük əksəriyyəti Rusiyadan qorxmur: “Sadəcə, SSRİ-nin süqutundan keçən dövr ərzində Moskva bu xalqların yaşadıqları dövlətlərin inkişafının qarşısının alınması üçün bütün vasitələrə əl atıb. Qərb isə bu xalqların Rusiyaya qarşı müqavimətini düzgün dəyərləndirməyib, onları dəstəkləməyib və bir çox hallarda onların maraqlarını çox ucuz qiymətə güzəştə gedib. Məhz bu amil də Qərbin timsalında etimad edilməsi mümkün olmayan geosiaysi qütb yanaşmasının formalaşmasına zəmin yaradıb ki, Rusiyanın ”beşinci kolon"u da bu əməldən öz təbliğatını qurmaq üçün məharətlə istifadə edib. Bu baxımdan hesab edirəm ki, Rusiyanın təcavüzkar davranışlarının qarşısının alınmasının yeganə yolu postsovet respublikalarının iqtisadi və hərbi cəhətdən gücləndirilməsindən keçir. Rusiyanın gücü postsovet məkanına təsir imkanlarındadır. Bu imkanlar zəiflədilərsə, Rusiyanın aqressiv davranışlarının da qarşısı alınacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
  “Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan
Xarici mərkəzlər, xüsusən Kreml tərəfindən idarə olunan və əslində erməni toplumunun bugünkü dincliyini və gələcəyini düşünmədən, sadəcə, öz maddi və siyasi karyeralarını daha da gücləndirmək məqsədi güdən revanşist erməni qüvvələri Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir.

Növbəti belə revanşist və işğalçı, faşist xislətli çıxışı Azərbaycan torpaqlarında Rusiya hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “təhsil və elm naziri” Lusine Qaraxanyan Ermənistanın “24TV” telekanalında edib. Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, “ArmenianReport”un yazdığına görə, separatçı məmur qadın öz çıxışında sonuncu Qarabağ müharibəsinə və “ondan sonra yaranan reallığa” istinad edərək “Gənc nəsillərimizin qaymağını məhv etmək onlara baha başa gələcək” –söyləyib.

“Azərbaycanlılar hər saniyə qisas təhlükəsini hiss edir və bu qisas baş tutacaq. Biz hələ döyüşəcəyik. Bu gün Qarabağda dəlilər yaşayır və mən Qarabağdan çıxanları fərari hesab edirəm.
Biz Qəzza zolağıyıq, biz müharibə haqda fikirlərlə uzanır və müharibə haqda düşüncələrlə oyanırıq. Bu, bizim həyat tərzimizdir və güclənənə qədər bununla barışmalıyıq. Ayıq olmalı, öz silahlarımıza sahib çıxmalı və heç kimə arxalanmamalıyıq. Biz gələcəyimizi xilas edəcəyik. Artsaxı müstəqil saxlayacağıq, erməniyiliyi qoruyub saxlayacağıq. Artsax erməni dünyasının şərq qalası olaraq qalmaqda davam edəcək. Artsax erməni milli ideologiyasının hərəkətverici qüvvəsidir. Biz Artsaxı beynəlxalq ictimaiyyət üçün cəlbedici elm və təhsil vahəsinə çevirmək üçün sistemli addımlar atacağıq”, - üzdəniraq “təhsil naziri” Lusine Karaxanyan belə deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdəki generalla Eldar Mahmudovu əlaqələndirən şəxsin kimliyi bilindi - Sensasion İDDİA
Bakı Hərbi Məhkəməsində mətbuatda şərti olaraq “MTN işi” adlandırılan cinayət dosyesi üzrə istintaqa cəlb olunan 4 yüksək vəzifəlinin əməlləri araşdırılır. Bu günə qədər “MTN işi” üzrə 5 qrupun cinayət dosyeləri Bakı Hərbi Məhkəməsinə göndərilib. Mütəşəkkil cinayətkar quldur dəstə tərkibində birləşən MTN-in yüksək vəzifəli şəxsləri olan generallar, polkovniklər dövlətin, vətəndaşların mənafelərinə ciddi ziyan vuran, dövlətin əsaslarını sarsıdan əməllərinə görə barələrində ittihamedici hökmlər çıxarılıb. Bu günə qədər “MTN işi” çərçivəsində mühakimə olunan 20-dən artıq vəzifəlidən kimsəyə ittihamlar üzrə bəraət verilməyib.

Zamantv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, cinayət dosyeləri ən son məhkəməyə göndərilənlər uzun illər qurumun Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, onun müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov və İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovdur. Bu şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər 3 təqsirləndirilən barəsində isə həbslə əlaqəli olmayan tədbir seçilib.

Yasin Məmmədov məhkəməsinə 2 saat əvvəl niyə gəlir?

Təqsirləndirilən şəxslərdən Yasin Məmmədov azadlıqda olduğuna görə Bakı Hərbi Məhkəməsində keçirilən prosesə evindən və hamıdan əvvəl gəlməsi ilə diqqət çəkir. Sabiq şöbə rəisi səhər 11-ə təyin olunan məhkəmə iclasına saat 9-da gəlir və məhkəmə zalında oturub sabiq rəisinin məhkəməyə gətirilməsini gözləyir.

Yasin Məmmədovun tələskənliyi ilə bağlı bir neçə versiya var. Zərərçəkənlər deyirlər ki, Yasin Məmmədov media mənsublarının foto və kameralarına tuş gəlməmək üçün yuxusuna haram qatıb hamıdan tez məhkəməyə gəlir və məhkəmə prosesi yekunlaşandan saatlar sonra - jurnalistlər məhkəmə binası önündən çəkiləndən sonra oranı tərk edir.

Yasin Məmmədovun özünün də mühakimə olunduğu prosesə bu şəkildə gəlib-getməsi ilə bağlı daha bir maraqlı versiya var. Zərərçəkənlər iddia edir ki, Yasin Məmmədov prosesə hamıdan əvvəl gələrək hazırda arestant olan, Bakı İstintaq Təcridxanasında saxlanılan və məhkəməyə oradan gətirilən keçmiş rəisi Mövlam Şıxəliyevlə uzun-uzadı müzakirələr aparır, onun derektivlərini alır. Zərərçəkənlər deyirlər ki, Yasin Məmmədovla Mövlam Şıxəliyevin saatlarla görüşüb danışması onlara qarşı törədilən cinayətlərin ört-basdır edilməsinə xidmət edir. Belə iddialar da var ki, Yasin Məmmədov Mövlam Şıxəliyevdən aldığı tapşırıqları yerinə yetirməklə yanaşı, onunla sabiq MTN şefi Eldar Mahmudov arasında əlaqə yaradan şəxs rolunu oynayır.

2 sabiq MTN-çi Eldar Mahmudova görə vəkil olub?

Digər bir maraqlı məqam isə Yasin Məmmədovun ötən il Vəkillər Kollegiyasına üzv olması ilə bağlıdır. Zərərçəkənlər iddia edirlər ki, Yasin Məmmədovun vəkil vəsiqəsini alıb cibinə qoyması sabiq şefi Eldar Mahmudovun ehtimal edilən həbsi ilə əlaqədardır.

Yəni Eldar Mahmudov həbs edilərsə, Yasin Məmmədov vəkil kimi onun yanına sərbəst gedib-gəlməsi üçün vəkilliyə keçib.

Hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədov 2021-ci ilin dekabrında, Sahib Ələkbərov isə 2017-ci ildə Vəkillər Kollegiyasına üzv olublar.

Dövlət mənafelərinə, vətəndaşlara, sahibkarlara qarşı çeşidli cinayətlərə görə mühakimə olunan bu şəxslərin Vəkillər Kollegiyasının üzvü olması, bu işdə onlara kimlərin dəstək verməsi də maraqlı suallardandır.

Vəkillər Kollegiyasına üzv olarkən cinayət dosyelərini gizlədiblər!

Faktı şərh edən Vəkillər Kollegiyasının üzvü Osman Kazımov ehtimal edir ki, hər iki təqsirləndirilən şəxs imtahan verərkən barələrində cinayət işi üzrə istintaq aparıldığını, ağır cinayətlərə görə istintaqa cəlb olunmalarını gizlədib: “Belə bir şəraitdə onları Vəkillər Kollegiyasına qəbul ediblər. Barələrində hökm elan edildiyi halda Vəkillər Kollegiyasında mütləq çıxarılmalıdırlar”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır. Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan şəxslərin barəsində cinayət işi üzrə araşdırma 2016-cı ildə başlanıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2015-ci illərdə qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil cinayətkar quldur dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi var. Zərərçəkmişlərə 20 milyon manatdan artıq ziyan vurulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev “Laçın düyününü” açır: Ermənistana vaxt qoyulur - İNCƏLƏMƏ...
Laçın dəhlizinə Rusiya sülhməramlı kontingenti dislokasiya edilsə də, bura Azərbaycan tərəfi nəzarət edir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu barədə danışarkən deyib ki, Laçın dəhlizi Azərbaycanın nəzarəti altındadır. “Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, - deyə İlham Əliyev əlavə edib.

Prezidentin bu açıqlamasından çıxan nəticə:

1. 2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan açıq qalan məsələlərin bir qismini öz xeyrinə həll edib,

2. Laçın dəhlizi kimi strateji əraziyə Azərbaycanın nəzarəti tədricən bərpa olunub,

3. Bu, Bakı-Moskva təmaslarında bağlı qapılar arxasında aparılan müzakirələrin bir detalıdır.

Hərçənd ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarının təhrif olunmuş formada icrasına çalışırdı, Rusiya sülhməramlılarından öz məqsədləri üçün, Laçın dəhlizindən qanunsuz gediş-gəliş üçün istifadə etməyə cəhdlər edirdi və bəlli zaman periodunda istəyinə nail oldu.

Ancaq Azərbaycanın Laçın dəhlizinin yaxınlığında müşahidə kameraları qoyması ilə, peyk vasitəsilə, müxtəlif texniki vasitələrlə, həmin ərazilərdə baş verənləri izləməsi situasiyanı dəyişdirdi.

İndi izləməklə yanaşı, Prezident Azərbaycanın praktiki müdaxilə imkanlarını da qeyd edir.

Xatırlayırsınızsa, İlham Əliyev 2021-ci ilin iyulunda AzTV-yə müsahibəsində məhz izləmədən danışırdısa, üzərindən 6 ay keçdikdən sonra Laçın dəhlizində Azərbaycanın istədiyi maşını saxlayıb yoxlaya bilmək potensialından bəhs edir.

Bununla da Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalmış separatçı-terrorçu ünsürlərin olan-qalan ümidləri də boşa çıxır.

Azərbaycanın Laçın dəhlizinə nəzarəti Ermənistandakı revanşistlərdən və onlara himayədarlıq edən qüvvələrdən separatçılara gələn təminata “tıxac” vurur.

Ümumiyyətlə bu mövzuda danışarkən məsələyə odlu-alovlu sözlərlə yox, soyuqqanlı tərzdə yanaşmaq vacibdir.

Təbii ki, Rusiyanın öz sülhməramlılarını yerləşdirdiyi Azərbaycan əraziləri ilə bağlı ehtiyat planları mövcuddur, bəzi neqativ ssenarilərin gerçəkləşməsində sülhməramlıların də töhfəsi var.

Ancaq Bakı ərazi bütövlüyünə dair hər hansı məsələnin güzəşt predmeti olmadığını dəfələrlə bəyan edib və bu istiqamətdə hərbi-siyasi potensialını ortaya qoyub.

Sülhməramlıların nəzarət zonasında olan ərazilərdə ilişib qalan və özünə hansısa resurs toplamağa çalışan terrorçu tör-töküntülərə şirnikləndirici ideyaların bir qismi də məhz sülhməramlıların fəaliyyətindən irəli gəlir.

Azərbaycan bu riskləri vaxtında dəyərləndirib, postmüharibə dövrünün təhdidlərinə qarşı hərbi immunitet formalaşdırdı. Onların təqdim edirik:

1. İntensiv hərbi təlimlər keçirdi,

2. Müasir silahların tədarükünü davam etdirdi, birgə silah istehsalını (İsraillə) gerçəkləşdirdi, silah alışı üçün yeni bazarlara üz tutdu,

3. Sülhməramlıların nəzarətində olan ərazilərin bir qisminə nəzarəti bərpa edib (bu barədə erməni mənbələri də yazıblar)

4. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılmasını təmin etdi,

5. Peşəkar komando hərbi birlikləri yaradıldı.

Hərbi potensialın artırılması siyasi danışıqlarda Azərbaycanın əlini gücləndirdi və Ermənistanı bir sıra güzəştlərə məcbur etdi.

10 noyabr bəyanatına əsasən, sülhməramlıların ərazilərimizdəki dislokasiya müddəti 5 illikdir. Bu müddətin ikinci ilinə keçid zamanında Bakı “Laçın düyünü” aça bilib.

Proseslərin hansı səmtə yönələcəyi üçtərəfli bəyanatın icra səviyyəsindən asılıdır. Bununla bağlı isə qeyri-müəyyənlik davam edir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını şərtləndirən amillərdən biri də həmin separatçıların Azərbaycan ərazilərindən çıxmasıdır.

Bu olmayacağı təqdirdə, yəni qarşıdan gələn dövr ərazində İrəvandan həm ərazi bütövlüyünün tanınması, həm də separatçılara dair gözlənilən cavab gəlməsə, Azərbaycan sərt addımlar atacaq.

İlham Əliyevdən sitat: “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

İlham Əliyevin açıqlamasından belə anlaşılır ki, Ermənistana altı ay vaxt qoyulur.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Universitetdə borc qalmalaqı və ya xalqa ikrahla baxanların zamanı... - Replika
Bir neçə gün öncə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının yer aldığı siyahının universitetin divarına asılması ilə bağlı KİV-lərdə məlumat yayılmış və geniş müzakirəyə səbəb olmuşdu. Ötən gün universitetin mətbuat xidməti açıqlama verir ki, bəs həmin siyahı "vatsap" qrupunda paylaşılıb, divara vurulmayb. Qrupda paylaşımı yayan şəxslər də cəzalandırılıb.
Bundan əvvəl isə universitetinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri Gülşad Baxşıyeva universitetdə təhsil haqqı borcu olan tələbələrin adlarının açıq şəkildə nümayiş etdirildiyi barədə xəbərə münasibət bildirərkən demişdi ki, "bunu böyütməyə ehtiyac yoxdur. Heç bir şey olmayıb. Tələbənin borcu var, gətirsin ödəsin. Qurtardı, getdi. Burda nə var ki? Tələbə ödənişini ödəməlidir. Bir ay möhlət verərsən, iki ay verərsən, üç ay verərsən, lap bir il. Mən sizə sual verirəm. Belə şey olar ki, tələbə ödənişini ödəməsin? Neynəməlidir? Valideyninə də deyirik, kursun rəhbərinə də deyirik. Gətirib ödəmirlər. Sərt şəkildə bizə qarşı çıxırlar ki, “ödəyərəm də!” Belə yanaşma düzgün deyil. Vaxtında pulunu ödəsəydilər, belə şeylər də olmazdı. Vəssalam".

Bəli, G.Baxşıyevanın digər informasiya vasitəsinə verdiyi açıqlamanı olduğu kimi yazıram ki, sabah dediklərinin “konteksdən çıxarıldığını” iddia etməsin.

Belə görünür ki, Azərbaycanda tələbələr üçün yer yoxdur, təkcə tələbələr gözə batır. Hələ bir neçə həftə öncə də millət vəkili Aqil Abbas tələbələrin Qarabağda könüllü işləməyə göndərilməsini təklif etmişdi. Hər iki şəxs kifayət qədər yaşa dolmuş, böyük təcrübəyə malik şəxslərdir. Ancaq görünən odur ki, düşüncə, ağıl, başa düşmə qabiliyyəti, dərk etmə təkcə yaşla deyilmiş.

Gülşad Baxşıyevaya sual verirəm ki, “Gülşad xanım, pulu olan tələbə niyə borçlu qalmalıdır ki? Kim adının, borcunun divardan asılmasını istəyər?”

Təbii ki, hər kəs borcludursa, onsuz da bu borc yükünün altında əzilir, bu borcu ödəmək üçün əlindən gələni edir. Heç nə edə bilməsə də, bu borcun yaratdığı stress onun sağlamlığı üçün kifayət edir. Bir də tələbələrin hüquqlarını pozub onların adlarını açıqlamaq və üstəlik, "borcludur, gətirib versin" demək, insanlığa necə sığır, anlaya bilmirəm. Ağzınızda tələbə deyirsiniz, bu şəxs gələcək üçün oxumağa, müəyyən yerə gəlib çatmağa çalışan bir şəxsdir.

Amma siz deyərsiniz ki, “neyləyim, gözüm aydın, gətirib borcunu versin” . Bəli, bəli. Siz bunu da deyərsiniz. Ancaq vəziyyəti nəzərə alın, Gülşad xanım. Böhran dövrüdür, bir çox iş sahələri bağlanıb. İnsanların əksəriyyəti iş yerlərini itirib və maddi sıxıntılar hamıda var. Bu vəziyyət sizin də, sizin övladlarınızın, nəvələrinizin və s. yaxınlarınızın da başına gələ bilər. Məsələn, bir gün divarda sizin adınız və borclarınız yazılsa, hansı hissi keçirərsiniz? Ya bu "qara siyahı"da adı olan tələbələrdən biri, stresli və psixoloji durumunun kəskinləşməsi ilə özünə qəsd etsəydi və ya buna cəhd etsəydi, nə edərdiniz?

İnsanları ittiham etmək, məcbur etmək, tələb etmək, qısnamaq asandır. Yenə də bunun nəticələrini gözə alsanız, yaxşı olar. Bu gün iki nəfərin cəzalandırılması o demək deyil ki, siz məsuliyyəti boynunuzdan atdınız. Sizin həmin tələbələr qarşısında borcunuz yarandı, bunu nəzərə alın. Bu, bir insanlıq davranışıdır. Bəlkə, siz yenə həmin tələbələrin üzünə borclu-borclu baxa biləcəksiniz. Ancaq həmin tələbələr sizi məhkəməyə də verə bilər!

Dədə-babalarımızdan qalma bir məsəl var: “Toxun acdan xəbəri olmaz”…

Bir neçə həftə öncə deputat Aqil Abbas da təklif edirdi ki, tələbələr Qarabağda könüllü işləsin. Görürüsünüzmü, tələbənin təhsil haqqını ödəməyə belə imkanı yoxdur. İki ay avara-avara gəzmək nədir? Bəlkə də o tələbələr səbrsziliklə o iki ayı gözləyir ki, işləyib hansısa borcunu versin və yaxud işləyib ən azından doyunca yemək yeyə bilsin. Elə bilirsiniz ki, hamı deputat və ya dekan kreslosunda oturub rahat qazanır? Xeyr, qopa bilmədiyiniz kreslonuzdan müvəqqəti də olsa, ayrılın. Tibbi maskanızı taxın, insanlar arasında gəzin. Metrodan istifadə edin, ictimai nəqliyyata minin, ətrafa göz gəzdirin. Sadəcə, baxmayın. Həqiqətən görün: İnsanlar necə çətinliklə yaşayır, necə çətinliklə dolanır.

Vallah, pensiya yaşına çatmış "şanslı" vətəndaşlardansınız. İnsan utanır sizə nəsə yol göstərməyə, izah etməyə. Özünüz niyə vəziyyəti görmək istəmirsiniz?

Dünyanı tutub dayanmayacaqsınız. Və bu gün adı borc siyahısında olan tələbələr və pulsuz işləməsi təklif edilən tələbələrin dövrü gəlir… Onların indidən həyatı ilə oynamağa niyə bu qədər maraqlısınız ki?

Bu günlərdə iş "adamı" olan tanışlardan biri deyir ki, "kasıb, kasıblığa məhkumdur. Kasıbın restoranda, kafedə nə işi var. Evində yesin". Deyir hər kəs cəmiyyətdə yerini bilməlidir…

Deyəsən, siz də bu düşüncədə olanlardansınız. Söz düşəndə, hamınız tərcümeyi-halınızı, iş yerlərinizi, aldığınız mükafatları və s. və ilaxır gözümüzə soxacaqsınız. Amma bu, sizə kiminsə haqqına girmək üçün əsas vermir… Siz də onlardan birisiniz, qəbul edə bilməsəniz də…
İlahin, Bizimyol.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO