[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövlam Şıxəliyev ARANI QARIŞDIRIR, YOXSA?.. - İLGİNC


İyulun 26-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdiriləcək. Prosesdə yaranan 1 aylıq fasilənin sonuna yaxın Mövlam Şıxəliyev sükutu pozub.

O, vəkili vasitəsilə “AzPolitika.info”-ya müraciət edib.

O, müraciətində bildirib ki, artıq məhkəmə prosesinin istintaq mərhələsi tam yekunlaşıb.

“Növbəti məhkəmə prosesi dövlət ittihamçısının çıxışı ilə başlayacaq. İbtidai istintaq zamanı mənim hüquq və mənafeyim pozulub, mənə qarşı kifayət qədər qanunsuzluqlar edilib. Buna baxmayaraq, o, məhkəmənin ədalətli olacağına və çıxarılan məhkəmə aktı ilə qanunun aliliyinin təmin ediləcəyini inanıram”, – deyə Mövlam Şıxəliyev müraciətində bildirib. Mövlam Şixəliyev onu da qeyd edib ki, o, istintaq üzrə tanınan 32 zərərçəkmiş şəxsin heç birinə hər hansı zərər vurmayıb: “Ümumiyyətlə, onları tanımır və real həyatda heç biri ilə heç vaxt qarşılaşmayıb. Bu, məhkəmə prosesi zamanı da öz təsdiqini tapıb. Onu da qeyd edim ki, həmin şəxslər barəsində məhkəmənin hökmü bu gün də qüvvədədir”.

Mövlam Şıxəliyev müraciətində məhkəmənin ədalətli olacağına inamını bildirib, müvafiq qurumlardan bu işə ədalətli yanaşmalarını xahiş edib.

Mövlam Şıxəliyev “müvafiq qurum” deyərkən, hansı qurumdan ədalət gözlədiyini açıqlamayıb. İş üzrə zərərçəkənlər isə Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edirlər. Deyirlər ki, Mövlam Şıxəliyevin müraciəti yalanlardan ibarətdir. “Mövlam Şıxəliyev mənimlə, Namil Rzayevlə, Nizami Kazımovla, Akif Qurbanovla, Etibar Əliyevlə, Əhməd Mirzəyevlə və başqa zərərçəkənlərlə şəxsən görüşüb. Ətrafı vasitəsilə hər birimizdən külli miqdarda pul tələb edib və alıblar. Əhməd Mirzəyevdən 500 min manat alıblar. Üstəlik, Mövlam Şıxəliyev daima onunla əlaqə saxlayıb, ”Stefano Ricci” mağazasından özünə 25 min dollar kostyum alıb. İş materiallarında bunu sübut edən telefon zənglərindən çıxarışlar da var. Bu qədər yalanla Mövlam Şıxəliyev bizlərə qarşı törətdiyi cinayətlərdən yaxa qurtaracağını düşünürsə, nə qədər istəyir yalan istehsal etsin. Pulumuzu da, alıb, malımızı da canımızı da. Hələ utanmayıb yalan da danışırlar” – bu sözləri “Yeni Müsavat”a iş üzrə 36 zərərçəkmiş şəxsdən biri olan Hüseyn Səfərov deyib.

Onun sözlərinə görə, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə zərərçəkən şəxslərdən yalnız Akif Qurbanovu həbsə alıb girov götürə bilməyib: “Amma Akif Qurbanovun da başına oyun açıblar. Hədə-qorxu ilə onun da külli-miqdarda pulunu alıblar. Mövlam Şıxəliyev yalan danışır, ictimaiyyətin gözünə kül üfürməyə çalışır. Buna nail olmayacaq. Mövlam Şıxəliyev deyir ki, zərərçəkənlərlə görüşməyib və guya bizi tanımır. Bu absurddur. Məni girov götürüb qanunsuz olaraq həbsdə saxlayırdılar. Həmin müddətdə Mövlam Şıxəliyev dəfələrlə mənimlə görüşüb. Hər dəfə də tələbi pul olub. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Bundan sonra məni azad elədilər. Amma yenə də əl çəkmirdi. Zəng edib deyirdi ki, ad günümdür, ”Vertu” telefon al gətir. Qızıl saat istəyirdi. Mənə silah da aldırıblar. Mövlam Şıxəliyev Namil Rzayev ofisinə şəxsən gedib və ondan pul alıb. Bunu Namil Rzayev məhkəmədə Mövlam Şıxəliyevin üzünə də dedi. Sizdən xahiş edirəm ki, məhkəmədə Namil Rzayevin Mövlam Şıxəliyevin üzünə dediklərini də tapıb dərc edin. Yalançının yaddaşı zəif olar. Qoy oxuyub yaddaşını təzələsin”.

Hüseyn Səfərovun qeyd etdiyi ifadəni Namil Rzayev Bakı Hərbi Məhkəməsində 15 fevral 2022-ci ildə verib. Namil Rzayevin ifadəsindən sitat: “Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi də dedi ki, sizi ”Texnikabank” işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz “Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız. Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir. Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.

Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da ”Texnibank”a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. “Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, “28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım. Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin. Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”.

Hüseyn Səfərov deyir ki, Mövlam Şıxəliyevə verilən ittihamlar onun kim olduğunu ortaya qoyur: “Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və başqa maddələrlə ittiham verilib. İttiham aktında da biz zərərçəkənlərə qarşı Mövlam Şıxəliyev və onun quldur dəstə üzvlərinin törətdiyi cinayətləri isbatlayan kifayət qədər sübut-dəlillər var. Mövlam Şıxəliyev nağılları gedib ətrafına danışsın!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Professordan UNEC rektoruna AĞIR İTTİHAMLAR: - “Məgər o bilmir ki, elmin əsası magistraturada qoyulmur?”


“Təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir”.

Bu fikirləri İqtisad Universitetində (UNEC) aparılan struktur dəyişiklikləri ilə əlaqədar təcrübəli alimlərin elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırılmalarına etirazını bildirən sabiq millət vəkili, professor Əli Əlirzayev Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, UNEC-də aparılan bu dəyişikliklər Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir:

“Azərbaycan iqtisadiyyat elminin tarixində kafedra prinsipindən imtina etmək, fikrimcə, düzgün deyil, əsassızdır. Sovet dövründə yetişən, böyük təcrübə qazanan alimləri bu sahədən uzaqlaşdırmaq, elmi hazırlıq baxımından daha zəif və rəhbərliyin hər sözünə “baş üstə” deyən “yeni” kadrlarla işləmək Azərbaycan elminə və onun təhsilinə, ölkədəki iqtisadi dəyişikliklərə qiymət verməmək, onları nəzərə almamaq anlamına gəlir.

Azərbaycan müasir iqtisadi elmində layiqli yer tutan 9 elmlər doktorunun (onlardan 2-si Əməkdar elm xadimi, 3-ü “Şöhrət” ordeni kavaleridir), Sovet elminin çətin pillələrini uğurla adlayan, eyni zamanda, siyasi cəhətdən sınanmış alimləri “kafedraları birləşdirmək” adı ilə elmi-pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq, universitetin Elmi Şurasından kənarlaşdırmaq və onları malik olduqları səlahiyyətlərdən məhrum etməyin məntiqi nədir? Həmin alimlərə “Gedin saat 7-dən sonra magistraturada professorluq edin” “tövsiyəsi” vermək nə deməkdir?

Rektor Ədalət Muradov məgər bilmir ki, elmin əsası magistraturada yox, bakalavr pilləsində qoyulur və tələbələr yönləndikləri elmə, onlara dərs deyən müəllimlərə 1-ci kursdan bağlanır? İqtisad elmi müvafiq kafedralarda formalaşır. Kafedra müdiri elmi istiqamet, bu sahədə məktəb formalaşdırır. Mən özüm təqribən 100 elmlər namizədi yetirmişəm, 500-ə qədər elmi əsərin müəllifiyəm. Bəla burasındadır ki, təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir. Başa düşmək çətindir, rektor Ədalət Muradov o alimlərə niyə bu qədər qısqanclıqla yanaşır? Onun da 60 yaşı var, özü də 10 ildir bu vəzifəni tutur.

1987-ci ildən etibarən, Heydər Əliyevin yolundayam, addım-addım onun arxası ilə gedib yanında olmuşam, 20 il YAP-ın Siyasi Şurasının üzvü olmuşam, Milli Məclisin deputatı seçilmişəm, Əməkdar elm xadimi adını mənə Heydər Əliyev verib. Cənab Prezident İlham Əliyev Türkiyədən Naxçıvana gələndə Heydər Əliyevin yanında onunla görüşmüşəm, indi də onun siyasətini dəstəkləyirəm. Yaxşı, bəs indiki bu “qəhrəmanlar” o vaxt harada idilər?

Hesab edirəm ki, İqtisad Universitetində baş verən bu rəzalətə vaxt itirmədən son qoyulmalıdır. Əks halda, Azərbaycanın iqtisad elmi çox dərin tənəzzülə uğrayacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsində yeni dəyişikliklər PLANLAŞDIRILIR... - Köhnə eşalona YAŞIL İŞIQ


Dövlət Gömrük Komitəsində yeni təyinatlar baş tutub.

Daxil olan məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyinə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova yaxın kadrların axını davam edir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzov və Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin keçmiş rəisi Faiq Şahbazov qurumda sədr müavini vəzifəsinə gətiriləcəklər.

Vüsal Novruzovun Kəmaləddin Heydərovun ən etibarlı kadrlarından biri olması heç kəsə sirr deyil. Faiq Şahbazov isə fövqaladə hallar nazirinin bacanağıdır.

Hər iki şəxs gömrükçülər arasında böyük nüfuza malikdir. Adıçəkilən şəxslər hazırkı sədr müavinləri İsmayıl Hüseynov və Rza Həsənəliyevi əvəzləyəcəklər.

Mənbə onu da əlavə etdi ki, Komitənin İnsan Resusları İdarəsinin rəisi vəzifəsinə Nərgiz Məmmədova təyin olunub:

“Nərgiz xanım bir müddət əvvəl pensiyaya göndərilmişdi. O, artıq vəzifəsinin icrasına başlayıb. Nərgiz Məmmədova gömrükçülər arasında ad-san qazanmış, böyük nüfuza malik olan bir kadrdır”.

Mənbə nehrəmlilərin gömrük orqanlarından kütləvi ixtisarı ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

“Bu, kökündən yanlış xəbərdir. Nehrəmlilər iş başındadır, onlara heç bir təzyiq yoxdur”. //İndex.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bank 5,2 milyon zərər edib - TƏFƏRRÜAT


Bu ilin ilk 2 rübü ərzində “Bank BTB” ASC-nin xalis zərəri 5 milyon 274 min manat olub.

Gundem.media yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumat bank tərəfindən açıqlanan rüblük hesabatda yer alıb.

Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i (12 min 634 ədəd) Sadiq Rza İsmayıl oğluna, 6%-i (3 min 987 ədəd) isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Qeyd edək ki, uzun illərdir mətbuatda "Bank BTB"nin əsas səhimdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasınında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir. İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Onu da bildirək ki, “Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başçının işdən qovulan müavini haqda ŞOK İDDİALAR... - SƏN DEMƏ...


Bir həftədir məktəbli qızı döyməsi faktına görə müzakirə edilən Lənkəranın icra başçısının keçmiş xanım müavini Rəsilə Əliyeva haqda heç yerdə yayımlanmayan özəl məlumatlar əldə etmişik. Baş Prokurorluğun cinayət işi açdığı R. Əliyevanın İH-də vəzifə yüksəlişi, 4 saylı orta məktəbin həmin hadisəyə görə vəzifəsindən azad edilmiş direktoru Yeganə Əsgərova ilə bağlılığı haqda maraqlı tarixçə varmış. TİA.Az-ın əldə etdiyi xəbərə görə, R. Əliyeva ilə Y. Əsgərova arasında əlaqələr təsadüfi olmayıb. Belə ki, sabiq başçı müavini elə sözügedən 4 saylı məktəbdə təhsil alıb. Sonra elə həmin təhsil ocağında da müəllimə işləyib. R.Əliyevanın bu zaman direktor Y. Əsgərova ilə sıx əlaqələri yaranıb. Ancaq bununla yanaşı, Lənkərandan gələn xəbərlərə görə, R. Əliyeva məktəbdə işlədiyi dövrdə həm də qızıl alveri ilə məşğul olub.

Bu da ona böyük imkanlar qazandırıb. Eyni zamanda, R.Əliyeva Y. Əsgərova ilə münasibətləri daha da sıxlaşdırır. Ona görə indiyə qədər onların iş birliyi davam etmişdi. Odur ki, məktəb direktoru Əsgərova sonradan onun təsiri altına düşür, bütün əmrlərinə müntəzir olmağa məcbur qalır. Hətta bir sözünü iki edə bilmirmiş. R.Əliyevanın qızı da həmin məktəbdə təhsil aldığı bu müddət ərzində “at oynadır”, məmur anasına güvənərək heç kimi saymırmış, direktor Əsgərova da ona “gözün üstə qaşın var” deyə bilməyib.
TİA.Az bildirir ki, beləliklə, qızıl ticarəti ilə məşğul ola-ola sonrakı illərdə işləri rəvan gedən R.Əliyeva vəzifə pillələrində qalxmağa başlayır. Rəhbər kluarlara yolu açılan qızıl ticarətçisi – müəllimə müavinlik postuna yüksəlir. İddialara görə, elə bu vəzifədə etimad qazanmış R. Əliyevanın adına Lənkəranda otel-restoran açılır. Deyilənə görə, “Dəniz” oteli R.Əliyevanın adına çıxarılır. Son xəbərlərə görə, bu biznes rentabelli olmadığı üçün artıq başqa iş adamına satılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT - "Həkim mənim balamı öldürdü"...


Demək olar artıq, bir neçə ildir ki, Azərbaycan səhiyyəsi ilə vətəndaşları arasında "soyuq müharibə" gedir. Daha doğrusu, bir neçə səhiyyə işçilərinin vətəndaşlara qarşı apardığı "səssiz savaş"a artıq susmayan vətəndaşlar çarəni hüquq -mühafizə orqanlarında, daha dəqiq desək, prokurorluq və məhkəmələrdə görüb, oraya müraciət edirlər.

"Səssiz savaş" dediyimiz - özünə həkim deyən, "hippokrat" andı içib işə başlayan bəzi nəfərlərin fəaliyyətləri dövründə yol verdikləri səhvləri ucbatından bir neçə şəxslərin həyatını, yaxud sağlamlığını itirməsidir.

Bugünə qədər xəstənin sağ ayağı yerinə sol ayağını kəsənləri, uşaqlıq borusunu kəsib (hansısa məntiqlə) sidik kisəsinə tikənləri, balaca xoşxassəli bir şiş üçün, xəstəyə "xərçəng" diaqnozu qoyub, "ximya" müalicə tətbiq edənləri, çox meyvə suyu içib, ürəyi bulanan uşağa qlükozalar köçürüb, ömürlük şəkər xəstəsi edənləri, USM cavabından anlamadığı üçün, böyrəkda daşı Allah bilir nə gözündə görüb, "aparın, nə yaşayar, yaşayar" deyənləri, doğuş zamanı yeni doğulan körpəni əlindən salıb, dünyaya gəldiyinə peşman edənləri və daha nələri... nələri gördük Azərbaycan səhiyyəsində...

Və bütün bunlara dözməyib həmin həkim adına ləkə gətirən şəxslər barəsində prokurorluğa müraciət edənləri də gördük. Lakin, çox təəssüflər olsun ki, haqqında şikayətlər olan həkimlər barəsində prokurorluqlarda hər hansı bir addım atıldığını görmədik bugünə qədər...

Hansı həkim barəsində kim hansı prokurorluğa müraciət etdisə, "təsadüf"ə baxın ki, o ərazinin prokuroru haqqında şikayət olunan həkimin "yaxın"ı çıxdı. Belə görünür ki, yalnız bizdə qohumluq və dostluq əlaqələri Azərbaycan qanunlarını üstələyir.

Baxın, hazırda "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru olan, vaxtilə korrupsiya yolu ilə mənimsədiyi milyonlara görə Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildiyi deyilən, sonra Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan və orada da haqqında kifayət qədər vətəndaş şikayəti olan, hamısı da birmənalı şəkildə prokurorluq tərəfindən rədd edilən Emin Hüseyin barəsində sonradan Qobustan rayon sakinindən eşitdik ki, sən demə ən yaxın qohumu (iddialara görə qaynatası) Prezident aparatında çalışırmış. Demək bu dəfə qanunun Emin Hüseyinin qarşısında aciz qalması heç də təsadüfi deyilmiş.

Əlqərəz...

Bu barədə çox yazmaq, çox misallar gətirmək olar, amma onsuz da hər kəsin bildiyi şeyləri təkrar yazıb keyfinizi qaçırmaq, eyni zamanda vaxtınızı almaq istəmirik. Odur ki, keçid edirik "sinəsidağlı" Solmaz ananın "DogruXeber.az" redaksiyasına göndərdiyi ürək dağlayan videomüraciətinə.

Gördüyünüz kimi Astara rayon Şuvi kənd sakini Cümşüdova Solmaz Canhəsən qızı müraciətində yenicə gəlin köçürdüyü balasının ölümünə Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkim-cərrahı Kamran Əkbərovun səbəb olduğunu iddia edir. O bildirir ki, bu barədə hüquq -mühafizə orqanlarına müraciət edib. Aidiyyatı üzrə Səbail rayon Prokurorluğunda işə birinci düzgün baxılıb və Fərqanə Cümşüdovanın ölümünə səbəb həkim səhvinin olduğu deyilib.

Lakin, nə hikmətsə, məsələdən bir neçə ay keçdikdən sonra sözügedən prokurorluqda məsələ yenidən araşdırılıb və yekun nəticəsi olaraq, anaya övladının ölümünə "bilavasitə səbəbi sağ böyrək arteriyası anevrizmasının cırılması nəticəsində baş vermiş posthemorragi anemiya (qan azlığı)" səbəb olduğu bildirilib.

Bundan əlavə, diqqət etdinizsə ana Kamran Əkbərovun daha bir nöqsanını da vurğuladı.

Baxın, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın dövlət müəssisəsi olduğu hər kəsə məlumdur. Və dövlət müəssisələrində də xidmətlərin ödənişsiz olduğunu da hamımız bilirik. Amma, Kamran Əkbərov dövlət müəssisəsində böyrək daşı əməliyyatı üçün nə az, nə çox, düz 1000 (min) AZN ödəniş istəyir. Özü də rüşvəti də elə minnətlə istəyir ki, "Əgər burda etsəm əməliyyatı 1000 (min)AZN, özəl klinikada etsəm 1500 (min beş yüz) AZN alacam ". Rüşvəti istəyərkən, "qiymətə mindirməyin" özü də xüsusi bacarıq tələb edir ki, bunu etməkdə də görünür Kamran Əkbərov əməliyyat etməkdən daha professionaldır. Təsəvvür edin ki, üstlərində o qədər pulları olmadığı və həmin pulu toplamaq üçün ailə təkrar Astaraya qayıtmaq məcburiyyətində qalıb.

Əməliyyat olub. Solmaz Cümşüdovanın sözlərinə görə Kamran Əkbərov Fərqanə Cümşüdovanın daxili damarlarından birini zədələyib, daxili qanaxma yaranıb və nəticədə o dünyasını dəyişib.

Onu da qeyd edək ki, ananın bildirdiyinə görə ona əməliyyatın saat 12:00-a olacağı bildirilibmiş. Lakin, nədənsə səhər saat 8:00-9:00 radələrində icra edilib.
Bundan əlavə, tibbi ekspertizanın rəyinə diqqət edin!

"Həkim mənim balamı öldürdü"... - Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT ! // VİDEO + FOTO

Burada ölümün gecə saat 01:00-də baş verdiyi qeyd edilib. Lakin, Solmaz ana bildirir ki, "Mənə səhər tezdən Kamran Əkbərov zəng vurdu ki, "özünü çatdır, qızın komaya düşüb". Mən gəldim xəstəxanaya, Kamran Əkbərova zəng vurdum. Dedi, "sənin uşağınla əlləşirəm" (əlləşir - yəni sağalması üçün nələrsə etməyə çalışır).

Əgər, ölüm faktı gecə saat 01:00-də gerçəkləşibsə, maraqlıdır, ertəsi günü səhər saatlarında Kamran Əkbərov nə deyə onunla "əlləşirdi"?

Demək, ananın iddialarından belə məlum olur ki, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkimi Kamran Əkbərov Solmaz Cümşüdovanın həm pulunu alıb, həm də övladının canını.

Əslində, nə yazıq ki, son illər Azərbaycan səhiyyəsində bu kimi hallar artıq, təəccüblü görünmür.

Doğrudur, dəhşətdir, amma, vay bizim halımıza ki, səhiyyəmiz bu dəhşəti bizim üçün adiləşdirib.

Daha bir diqqət çəkən məqam isə odur ki, yaxınları gələnə qədər meyidi "morqda" deyil, liftdə saxlayıblar ki, bu da sözügedən xəstəxananın onsuzda saymaqla bitməyən, daha bir bağışlanması mümkünsüz kobud səhvidir. Buna "nöqsan" demək bu boyda olayı kiçiltmək olardı.

Hə, ən maraqlı məqama diqqət edək.

Solmaz Cümşüdova bilidirir ki, Səbail rayon Prokurorluğunda birinci dəfə araşdırıldı, işə baxıldı və Fərqanə Cümşüdovanın həkimin səhvi ucbatından dünyasını dəyişdiyi təsdiqləndi. Lakin, hansısa "müəmmalı" səbəblərə görə, bir neçə aydan sonra iş Səbail rayon Prokurorluğunda yenidən araşdırıldı və yekun nəticəsi olaraq, həkimin günahkar olmadığı, Fərqanə Cümşüdovanın qan azlığı səbəbilə dünyasını dəyişdiyi bildirildi.

Maraqlıdır, işə ikinci dəfə yenidən baxmağa əsaslı səbəb nə idi və necə olur ki, əvvəl həkimin səhvi nəticəsində ölüm faktının baş verdiyini deyən prokurorluq, sonra özü öz yekun rəyini təkzib edir?

Özünüz də şahid oldunuz ki, yenicə gəlin köçürdüyü gənc övladını itirən Solmaz ananın danışdıqları dəhşətli olmaqla bərabər, həm də ürək parçalayır. Övlad itirmiş ananın fəryadına həkimin sakit, sərbəst reaksiyası da çox maraqlıdır.

- "Onlar niyə qışqırır orda?! Kənddən gəliblər də, ona görə belə edirlər". Bir gəncin ölümünə səbəb olan (hər halda bütün bunlar ananın iddialarıdır) həkimin, ölən gəncin ailəsinə və ailəsinin acılarına qarşı sərbəst hörmətsizliyi daha dəhşətli şübhələr yaradır.

Bəlkə də bu həmin həkim üçün ilk deyildi, kim bilir?

Yoxsa, bu cür dəhşətli hadisələrə bu qədər təmkinli reaksiya necə ola bilər ki?

Yeri gəlmişkən, Solmaz ananın redaksiyamıza bildirdiyinə görə şikayətçi olmaması üçün Kamran Əkbərov ona pul da təklif edib.

Lakin, ana bu təklifi rədd edib.

Hətta, dediyinə görə bu təklif onun analıq hissinə və qüruruna toxunub, eləcə də ananın öz dili ilə desək, "yarasına duz töküb". Odur ki, Solmaz ana Kamran Əkbərovun qanunla cəzalandırılmasını tələb edir.

P.S: Yeri gəlmişkən, qeyd edək ki, Solmaz ananın iddiaları ilə bağlı "DogruXeber.az" olaraq, sözügedən cərrah Kamran Əkbərov ilə telefon əlaqəsi saxladıq. Kamran Əkbərov isə bu barədə telefonda deyil, redaksiyamıza gəlib, üzbəüz fikir bildirmək istədiyini dedi. Lakin, artıq bir həftəyə yaxındır ki, Kamran Əkbərov ümumiyyətlə susur.

Bugün bəzi səriştəsiz həkimlərin səhvləri üzündən bir çox körpələr anasız böyüyür, hansı ki, doğuş zamanı həkimin səhvi ananın əcəli olub. Yaxud əksinə - 9 ay bətnində gəzdirdiyi övladını dünyaya gətirəndə, həkimin əlindən düşməsi ilə uşaq ya həlak olur, ya da ömürlük şikəst qalır...

Yaxud da Solmaz ananın 18 yaşlı gənc övladı, 6 aylıq gəlin Fərqanə Cümşüdova kimi cərrah neştərinin yanlış toxunuşu onun əcəli olur.

Hə, qaldı ki, adam ölümündə, yaxud digər hər hansı bir qanun pozuntusunda günahkar hesab edilən həkimlərin cəzalandırılmasına...

Açığı, bu barədə hər hansı fikir bildirib, cümləni tamamlaya bilmədik. Jurnalisti belə cümləsini tamamlamaq üçün söz tapmaqda aciz qoyan, fikir qıtlığı yaradan prokurorluqların "ağ xalat məhəbbəti"nin bir gün qanun qarşısında susacağına ümid etməkdən başqa əlimizdən heç nə gəlmir.

Yenə də ümid ölkə başçısınadır. Çünki, onun bu cür mühüm dövlət qurumları və rəhbərləri barəsində görəcəyi tədbirlərə və verəcəyi qərarlara ölkə vətəndaşlarının böyük ehtiyacları var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səlim Müslümovla bağlı yeni GƏLİŞMƏ... - ƏLAVƏ İTTİHAM VAR...


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb. Onun barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq iş üzrə hakim də müəyyənləşib. Səlim Müslümovun cinayət dosyesi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə zərərçəkən kimi Maliyyə Nazirliyi tanınıb. Səlim Müslümov 2021-ci ilin fevralında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səlim Müslümov verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır. Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 2022-ci ilin mayında isə Səlim Müslümov ev dustaqlığına buraxılıb. Onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi “səhhətindəki problemlərlə” izah olunub. Bir neçə gün əvvəl mediada belə xəbər yayılmışdı sabiq nazirin səhhəti hələ də düzəlməyib. Amma Səlim Müslümovun ittiham olunduğu maddələr kifayət qədər ağır cəzalar nəzərdə tutur. O halda məhkəmə hansı qərar verə bilər, sabiq nazir yenidən həbsə göndərilə bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Səlim Müslümovun 5 illik nazirliyi dövründə rəhbərlik etdiyi sahədəki korrupsiya bataqlığı aradan qalxmayıb, əksinə, heç vaxt olmadığı qədər genişlənib, şaxələnib: “İddialar var ki, onun dövründə qurulmuş mexanizm əsasında büdcədən çırpışdırılan məbləğ 2-2,5 milyard manata yaxın olub. Bu iddialar bu günə qədər təkzib olunmayıb. Səlim Müslümovun 2 milyarddan artıq məbləğdə büdcə vəsaitini mənimsəməsi çox ciddi ittihamdır. Hər kəs bilir ki, hər il ünvanlı sosial yardımlara 100 milyonlarla manat vəsait ayrılırdı. Həmin yardımların ünvana çatdırılmasını yoxlamaq kifayətdir ki, oğurluqların hansı səviyyədə olması üzə çıxsın. Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edirdi. Əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitləri də bura əlavə etməliyik. Yəni Müslümovun rəhbərlik etdiyi nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub. 2 milyarddan artıq büdcə vəsaitlərinin ələ keçirilməsi ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. Bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır. Təkcə Sosial Müdafiə Fondu dövlətdən hər il 1,5 milyard manat dotasiya alıb. Bu məbləğ Səlim Müslümovun nazir olduğu 5 il ərzində büdcədən ödənilib. Ümumilikdə 7 milyard 500 milyon manat büdcə pulunun xərclənməsi üzrə sənədlərdə Səlim Müslümovun möhürü, imzası var. Bu məbləğin hansı hissəsi təyinatı üzrə xərclənib, hansı hissəsi isə özününküləşdirilib bilinmir. Səlim Müslümova verilən ittihamlarla onun əməlinə adekvat cəzalandırılacağı indiki halda real görünmür. Azərbaycanın məhkəmə-hüquq sisteminin durumu belədir ki, Səlim Müslümova çıxarılacaq hökm formal ola bilər. Bu gün məhkəmələrdə çıxarılan hökmlərə, verilən qərarlara baxanda bunu aydın şəkildə sezmək olur. Bu baxımdan Səlim Müslümovun daha yüngül cəza ilə azad edilmə şansı böyükdür. Bu gün Səlim Müslümova qarşı kəskin münasibət yoxdur. Mətbuatda Səlim Müslümov külli miqdarda mənimsəmələrdə əlinin olması iddialarına rəğmən, biz ittihamlar sırasında Cinayət Məcəlləsinin 179-cu - külli miqdarda mənimsəmə maddəsini görmədik. Bu o deməkdir ki, Səlim Müslümov yüngül cəza ilə canını qurtara biləcək”.

Hüquqşünas deyir ki, indiki halda Səlim Müslümov ittihamda göstərilən məbləği qaytarmaqla, ittiham üzrə vurulan ziyanı ödəməklə həbsdən buraxıla bilər. Əks halda, ona real və ağır cəza veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident jurnalistləri təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Təbrik məktubunda deyilir:

"Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistdir, başını burax, fikir vermə... - AXI NİYƏ?!


Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bu gün Azərbaycan jurnalistikası 147 yaşını qeyd edir. Amma bayram gecəsi mən yata bilmirdim, sanki yerimə qor dolmuşdu. Elə hey fikirləşirdim: əcaba, axı niyə bizim peşənin daşıyıcıları arasında illər keçdikcə gülər üzlər dərdli simalara çevrilir, niyə bizim 90-cı illərin ortalarında həvəslə gəldiyimiz jurnalistika sahəsinə bu gün çox az gənci cəlb edə bilirik və bizi bu günə qoyanlar niyə belə etdilər, məqsədləri nə idi? Axı niyə?!

Bayramlarda, görmüşük ki, sevinərlər, deyib-gülərlər, hədiyyə verib, hədiyyə alarlar. Elə biz də əvvəllər belə edərdik. Həmin gün sanki, özümüzü fərqli hiss edər, hansısa bankın və dövlət qurumunun göndərdiyi tortdan yeyə-yeyə öz aramızda necə vacib bir işlə məşğul olduğumuzu fəxrlə dilə gətirərdik.

Amma bu gün mən, yəqin ki, bizim peşənin bir çox daşıyıcıları kimi, nədənsə sevinə bilmirəm və illər keçdikcə, hər 22 iyulda bu bayramı “ömürdən bir daha getdi” nostaljisində, “qara bayram” əhval-ruhiyyəsi ilə qeyd edirəm.

Artıq 3-cü ildir ki, bu “qara bayramı” Prezident Administrasiyasının sabiq şöbə müdiri, mətbuatın o zamankı “xaç atası” Əli Həsənovsuz qeyd edirik. O, Əli Həsənovdan söhbət gedir ki, bütün mətbuatı dirijor çubuğu ilə oxuyan xora çevirmişdi, o Əli Həsənovdan söhbət gedir ki, sıralarında bu sətirlərin müəllifi də olmaqla, ehtiyacı, haqqı olan, amma lazımi yerdə adamı olmayan neçə-neçə jurnalistin haqqını yemiş, Prezident tərəfindən verilən evlərin siyahısında onların adının üzərindən qara qələm çəkmişdi.

Yox, əsla, bu gün nə Həsənovun dövründə edilən haqsızlıqlardan, nə jurnalsitlərin intizarla verilməsini gözlədikləri 3-cü binadan, nə də digər bu kimi nəsnələrdən danışacağam. Bu gün sadəcə öz yaş qrupumdan olan jurnalistlərin adından bəzi şeyləri etiraf edəcəyəm. Beləliklə...

Etiraf edirəm ki, 90-cı illərin ortalarında böyük ümidlərlə ayağımı redaksiyanın qapısından içəri ataraq böyük səhv etmişəm. O zaman ya elmin, ya idmanın, ya da ticarətin dalınca getsəydim, bəlkə də, indi gecənin bir aləmində yuxuma haram qatıb, təəssüflə bu sətirləri yazmazdım.

Etiraf edirəm ki, fəaliyyətim boyu dəfələrlə qələmimi sağa və ya sola işlətmək üçün mənə gələn təkliflərdən, bəxşeyişlərdən, yuxarı təbəqəli tanışların kiminsə xahişi ilə ələ almaq cəhdlərindən imtina etməklə səhv etmişəm.

Etiraf edirəm ki, “get filankəsin qəbuluna yazıl, aylıq “abunə” ödəsin”, “yaxşı maşın və ona yaxşı da nömrə almaq istəyirsənsə, bir filankəs müəllimə dəy, onunla dost ol, bayramlarda təbrik elə”, “filankəs müəllim xahiş edir ki, bu yazını çıxarsın, borclu qalmarıq” kimi çoxsaylı təklifləri qulaqardına vurmaqla səhv etmişəm.

Etiraf edirəm ki, 90-cı illərin sonlarında parlament müxbiri olan zaman müsahibə, açıqlama aldığım deputatların “çay-obed” təkliflərinə “təşəkkür edirəm, ehtiyacım yoxdur” cavabını verərək, elə onların gözü qarşısında yanaşı stolda bir çaynik çay və peçenye sifariş etməklə böyük səhv etmişəm. “Çay” və “obeddən” imtina etməyənlərin çoxu bu gün ən azı hansısa saytın rəhbəridir və özlərinə “ayın sonuna on gün var, maaşa qədər nə edəcəyəm” sualını vermirlər.

Etiraf edirəm ki, yanımıza gələn universitet tələbələrini də bu peşəyə cəlb etməklə səhv etmişəm. Uşaqların taleyi ilə oynamışam.

Etiraf edirəm ki...

Dediyim kimi, etiraf etməyə nəsnələr çoxdur və bu, təkcə mənim yox, bizim - 90-cı illərin ortalarında jurnalistikaya gələn nəslin bir çox nümayəndələrinin etirafıdır. Axı biz haradan biləydik ki, qəzet bükən maşın işləməyəndə belə, çap maşınından çıxan nüsxələri əllə bükmək üçün yuxumuza haram qatmaqla, köşklərə çıxarılmayan nömrələri əlbəəl paylamaqla, nə qədər mənasız bir işlə məşğul olmuşuq?!

Biz nə biləydik ki, bir müddət ötəcək, başımıza Əli Həsənov keçəcək və elə o da ona tabe olmayan başlarımızı müxtəlif yollarla kəsəsək?!

Biz haradan biləydik ki, üç ildir Həsənovsuz olan mətbuatımız elə onun qoyduğu dəst-xəttlə idarə olunmağa davam edəcək, sadəcə ləhcə fərqlənəcək?!

Biz haradan biləydik ki, Azərbaycanda jurnalistə iş tapmaq müşkülə çevriləcək və hansısa redaksiyaya düzəlmək üçün mütləq kimsə səni tapşırmalı olacaq və ya az-maz səni tanıyan media rəhbəri səni işə götürmək istəsə, bir sıra indiki jurnalistika üçün adi, amma o zamankı üçün faciə sayıla biləcək qadağalar qoyacaq?!

“Bizdə benzinin qiymətindən yazmaq olmaz, pulumuzu SOCAR verir”, “Bizdə iqtisadiyyatı çox tənqid etmək olmaz, İqtisadiyyat Nazirliyində dostlarımız var”, “Bizdə FHN-i tənqid etmək olmaz, maliyyəmiz o kanaldan gəlir”, “Bizdə Media Agentliyini tənqid etmək olmaz, çünki...”

Bu olmazları və onları izah edən “çünki”ləri media rəhbərlərindən dinləyə-dinləyə, gözümün qabağına öz gənclik dövrümün baş redaktorları gəlir (bu gün onların arasında haqq dünyasında olanlar da var, illərin dərdini içində çəkib, xəstəliyə düçar olanlar da) və onlara xitab edərək, həmişə rəhmətlik Vaqif Səmədğolunun ssenarisi əsasında Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” filmindən alkaş Hüseynin veterana ünvanladığı monoloq düşür yadıma: “Tanrıverdi dayı, sən bizim uğrumuzda ayaqlarını itirmisən? İtirmisən ki, mən rahat şəraitdə "vurum" özümüçün? Rasim öz alverini eləsin? Moşu da gic-gic şeirlər yazsın: xoşbaxtlıq, səadət. Ömürü boyu xoşbaxtlığa qafiyə axtarıb. Moşu, tapammazsan. Bu gün mənim böyüdüyüm detdomu da söküb, yerində səadət sarayı tikiblər”.

Acı həqiqətdir, amma bu gün Azərbaycan jurnalistikasında ya “rasimlər”, ya da “moşular” at oynadır. Sözü heç kim tərəfindən eşidilməyən “hüseynlər”in böyüdüyü “detdom”u isə söküblər və deyəsən, yerində nəinki səadət sarayı, ümumiyyətlə, heç nə tikmək istəmirlər. Nəsə “tiksələr”, ölkədə oxuyan və düşünənlərin sayı artar axı.

Görünür, bu ölkədə ciddi mətbuat oxuyanlar və düşünənlər heç kimə lazım deyil. Düşünməyə, oxumağa çağıranları, bu işə mane olanları tənqid edən zorən “hüseynə” çevrilmişləri isə ya “demoqoq”, ya “zastoy”, ya da “kefli İsgəndər” adı qoyaraq, ələ salır, yazmağa yeri, yeməyə çörəyi olmaması üçün əllərindən gələni edirlər.

Reallıq belədir: ya təməli Əli Həsənov tərəfindən qurulan xorun bir hissəsi olmalısan, ya da ümumiyyətlə, bu peşədən gedib, taksi sürməli və ya çay satmalısan. Bu peşələrin adını ona görə çəkdim ki, nə qədər gülməli də olsa, mətbuatda yaza bilmədiyimiz söhbətlər azad şəkildə ya taksidə edilir, ya da çayçıda. Bir zamanlar gizli mətbəələrdə, Azadlıq Meydanında təməli qoyulan demokratik mətbuat, fikir azadlığı taksilərdə və çayçılarda davam edir - daha bir Azərbaycan absurdu.

...Sağlamlıq problemi olan yaxın bir qohumumu tanış həkimin yanına aparmışdım. Həkim məşğul idi və bir az gözləməyimizi xahiş etdi. Xəstəxananın qarşısında mühafizəçi ilə birlikdə siqaret çəkir, ordan-burdan danışırıq. Bu zaman bir şəxs (qadın və ya kişi olduğunu vurğulamayacağam, fərqi yoxdur) mühafizəçiyə yaxınlaşaraq, “Rəis, saboun xeyir! Tut əlimi, əlin bir kişi əlinə dəysin!” deyərək, gülə-gülə içəri keçdi. Mənim kim olduğumu bilməyən mühafizəçi sual dolu baxışlarımı görüb, başı ilə işarə edərək “jurnalistdir, başını burax, fikir vermə” dedi. Nə illah elədimsə, gözlərimi mənə qəribə istehza ilə baxan qohumumdan gizlədə bilmədim...

Mənə elə gəlir ki, bu misal da yuxarıda öz yaşıdlarım olam qələm dostlarım adından etdiyim etiraflara bir daha haqq qazandırır.

Bayramınız mübarək, ey mənim 22 iyul günü işə gələrək, “görəsən, kimi tapaq ki, heç olmasa bu bayram günü bizə qonaqlıq versin?” sualı ətrafında baş sındıran, əziz qələm dostlarım! Başınızı çox sındırmayın, dostlar, onsuz da başımızı buraxıblar. Elə buraxıblar ki, heç fikir də vermirlər...

Müəllif: Yoldaş Mircəfər //AYNA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrüyün “monopoliya əfsanəsi” ORTALARDA GÖRÜNMÜR... - İDDİA


Azərbaycan Respublikasının, Dövlət Gömrük Komitəsində çoxlu sayda pul qazanan, görünməyən qüvvələr var.

Bunlardan biri və birincisi, özünü DGK-nin əbədi sədri hesab edən, ermənilərin sevimlisi Əbülfəzdir. O Əbülfəz ki, DGK-da qara yollarla "zəhmətsiz gəlir" hesabına qazandığı milyonlarla dünyanın bütün ölkələrində mal-mülk sahibinə çevrilib.

O Əbülfəz ki, Azərbaycanda iqtidarlı müxalifətli hamı ilə dil tapa bilir. Hamının kartına pul vura bilir.

Ən yaxın adamı olan Vüqar Səfərlilə həmişəlik dostluğunu, Əli Həsənov sevgisini və Ramiz Mehdiyevin həyat yoldaşına yaxın qohumluğu ilə seçilən Əbülfəz, Ramiz Mehdiyev dönəmində dövlətin hesabına keçiriləcək milyardları oğurlayıb.

O qədər dövlətdən pul oğurlayıb ki, dostlarının evində gizlətdiyi milyonları geri istəyə bilməyib. Hətta dostlarından biri deyirdi ki, əgər Əbülfəz məndən o pulu geri istəsə, onun başına oyun açaram.

"O bilmir ki, onun Azərbaycana vurduğu zərər Hitler Almaniyasının SSRİ-yə vurduğu zərərdən 4 dəfə artıqdır".

Biz inanırıq ki, Əbülfəzi həbs edəcəklər. Hələ mən onun bloqerliyindən danışmıram. Danışsam, yer-yerindən oynayar.

Bu gündən etibarən, "Əbülfəzin DGK-dan oğurladığı milyardlar və onun hesabatı" silsilə yazılarını dərc edəcəyik.

Bizi izləyin. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO