“Azərbaycan dövləti bütün sahələrdə vətəndaşlarının, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçılarının yanında olduğunu həmişə sübut edib. Dövlətimiz həmin kateqoriyadan olan vətəndaşlara qarşı hər zaman daha həssas münasibət sərgiləyib. Bu, həm İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə, həm də post-münaqişə dövründə belə olub. Şəhid ailələri, qazilər və ümumiyyətlə, bütün müharibə iştirakçılarına davamlı olaraq yardımlar edilir və aylıq müavinətlər verilir. Radikal müxalifətin bəzi nümayəndələrinin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin bu məsələ ilə bağlı mövqeyi ilə tanış olanda adam düşünür ki, yəqin, bu adamlar Azərbaycanda yaşamırlar”.
Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, həmin radikal qrup bu həssas mövzu ilə bağlı həyata keçirilən işlərlə, sözsüz ki, tanışdır, çünki görülən işlər göz qabağındadır: “Əhalinin həmin həssas təbəqəsi ilə bağlı dövlətin konkret mövqeyi var. Sadəcə olaraq, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının çox olduğu üçün proses mərhələli şəkildə həyata keçirilir. Şahidiyik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevə bu qəbildən olan insanlarla hər zaman görüşür və onların qayğıları ilə maraqlanırlar. Azərbaycan dünyanın azsaylı dövlətlərindən biridir ki, şəhid ailələrinin hər birinin mənzillə təminatına başlayıb, artıq yüzlərlə ailələr mənzillə təmin edilib. Belə ailələrin və müharibə veteranlarının işlə təmin edilməsi, onların diqqət və qayğı ilə əhatə olunmaları təqdirəlayiqdir”.
Zamantv.az