Şübhəli tenderlərin daha bir ifşası - saxta şirkətlər yaradıb, dövləti belə soyurlar

11:20 5.10.2022 166
Şübhəli tenderlərin daha bir ifşası - saxta şirkətlər yaradıb, dövləti belə soyurlar


Tenderlər Azərbaycanda dövlət vəsaitlərinin əsas yağmalanma vasitəsi olaraq qalmaqdadır. Ölkəyə neft gəlirlərinin axının başlanması ilə başlayan və pik həddə çatan tender soyğunçuluğu hələ də davam edir. Həbs olunan bütün məmurların cinayət işinin ana xəttini məhz tenderlər - dövlət satınalmaları təşkil edir. Onların hamısı dövlət vəsaitlərini talamaq üçün satınalamlardan istifadə ediblər. Bugünlərdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə son məhkəmə prosesində tender yolu ilə pulların mənimsənilməsi mexanizminə dair maraqlı faktlar açıqlanıb. Bununla bağlı ifadələrdən birini şahid Eldar Əliyev verib. Məhkəmədə məlum olub ki, o, ümumiyyətlə, hərfləri tanımır və gözləri yaxşı görmür. Lakin onun adına şirkət rəsmiləşdirilib və qanunsuz yolla şirkət tenderlərin qalibi edilib. Nazirlik tərəfindən şirkətə köçürülən pullar nəğdləşdirilərək götürülüb: “Mən Maştağada bağda işləyirəm. Əncir qurudub satıram. Evimdə çörək və yumurtadan başqa heç nə yoxdur. Qonşu Məlikhəsən bir dəfə gəldi ki, kasıb adamsan, gəl səni işə düzəldim. O özü də quş, toyuq saxlayırdı. Dedi ayda 200 manat verəcəm. Dediyi kimi də oldu. Şəxsiyyət vəsiqəmi istədi, verdim. Arada sənəd gətirirdi, qol çəkirdim. Təxminən 2 il hər ay 200 manat verdi”.

Bu ifadə son 20 ilə yaxın dövrdə Azərbaycanın dövlət qurumlarında adiləşmiş, hamının xəbərdar olduğu, mövcudluğu dəfələrlə faktlar əsasında sübuta yetirilən cinayət əməlinin icra mexanizmidir. Bu illər ərzində bu və ya başqa mexanizmlər vasitəsilə tender prosedurlarının qanunsuz qazanc yoluna çevrilməsinə dair yüzlərlə fakt ortaya qoyulub, lakin onun birdəfəlik aradan qaldırılması hələ də baş verməyib. Açıqlanan hər fakt üzrə ayrıca götürülmüş halda hansısa hüquqi addımlar atılıb, kimlərsə həbs olunub, az keçməmiş azadlığa çıxıb. Bəziləri də Səlim Müslümov kimi, mənimsədiklərinin yüzdə birini dövlətə qaytarmaqla canını qurtarıb...

Artıq qəbul olunmuş faktdır ki, dövlət satınalmalarındakı korrupsiya mexanizmlərinin saxlanmasında ən yüksək vəzifələri tutan şəxslər - məsələn, S.Müslümovun timsalında, nazirlər, - maraqlıdılar. Buna görə də ölkədə satınalmalarda real şəffaflıq yaranmasına gətirib çıxaracaq hər hansı addımın qarşısı rahatlıqla alınır. Nəticə isə budur ki, yalnız hansısa tenderlərdə qalib edilmək üçün şirkətlərin yaradılması praktikası geniş yayılmış olaraq qalır. Onlar bu gün yaradılır, 1-2 aydan sonradan başlayaraq 6-7 ay, bəzən hətta 1-2 il tenderlərə “qatılıb” qalib çıxır, sonra isə ləğv edilir. Bu şirkətlər bir çox hallarda biznesdən xəbəri olmayan, ucqar kəndlərdə yaşayan şəxslərin adlarına, əksər vaxt özlərinin xəbəri belə olmadan yaradılır. Azərbaycanda dövlət satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunla tənzimlənir. Həmin qanunda şirkətin yaranma tarixinə görə tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bundan əlavə, qanun tenderdə dövlət büdcəsinə borcu olan şirkətlərin də qalib çıxmasını əngəlləmir. Əsas tələb qalib şirkətin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Yəni cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır...

Azərbaycanda dövlət satınalmaları prosesinə audit nəzarətini Hesablama Palatası həyata keçirir. Palatanın 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən də aydın olur ki, dövlət satınalmaları sahəsində problemlər hələ də davam edir. Müxtəlif qurumlarda aparılan auditin nəticələri göstərib ki, dövlət satınalmaları sahəsində aşkar edilmiş nöqsanlar arasında büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olub. Bundan başqa, palata aşkar edib ki, bəzi qurumlar müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl etmədikləri üçün artıq xərclər yaranır. Bəzi hallarda qeyri-büdcə gəlirlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə dövlət büdcəsindən əlavə vəsaitlərə tələbat və istifadəyə yol açılır. Palatanın diqqət çəkdiyi digər maraqlı məqam odur ki, bəzi hallarda qurumun vəzifə və funksiyalarına aid olduğu halda, həmin işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla satınalma müqavilələri bağlanılır və icra edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, 2021-ci ildə ölkə üzrə ümumilikdə 12 129 sayda satınalma tətbiq edilməklə 6 milyard 11,7 milyon manat məbləğində satınalma müqavilələri bağlanıb. Bu, 2020-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 555,5 milyon manat və ya 8,5 faiz az, sayda isə 2926 və ya 31,8 faiz çoxdur. Palata bildirir ki, hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində azalma müşahidə edilib: əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 2,6 faiz bəndi, xərclərə nisbəti isə 2,9 faiz bəndi azalmaqla müvafiq olaraq 6,5 faiz və 21,9 faiz bəndi təşkil edib: “Qeyd edək ki, bu göstəricilər son illərdə ən aşağı göstərici olub. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, 2021-ci ildə keçirilmiş 8635 müsabiqə əsaslı satınalma üzrə 2 milyard 646 milyon manat məbləğində müqavilə bağlanılıb ki, bu da ötən illə müqayisədə sayda 859 satınalma (11,0 faiz) çox və məbləğdə isə 854,5 milyon manat (24,4 faiz) azdır”.

Hesablama Palatasının rəyindən aydın olur ki, ötən il 2970 elektron açıq tenderlər keçirilib, bu tenderlərdə cəmi 804,5 milyon manat vəsait xərclənib. Beləliklə də ümumi satınalmaların sayında bu metodun payı 24,5 faiz, məbləğdə isə cəmi 13,4 faiz olub. Bu o deməkdir ki, dövlət qurumları az məbləğdə çoxsaylı tenderləri elektron keçirməklə iri məbləğli satınalmaları ənənəvi qeyri-şəffaflıq imkanı yüksək olan üsullarla reallaşdırırlar. Nəticədə ötənilki dövlət xərcləmələrində əvvəlki illərdə olduğu kimi say baxımından kotirovka sorğusu, məbləğ baxımından bir mənbədən satınalma əhəmiyyətli çəkiyə malik olub. Müsabiqə əsaslı satınalma metodlarına cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə azalma, bir mənbədən satınalma üzrə isə əksinə, artım müşahidə edilib: “Say baxımından 2021-ci ildə satınalmalar arasında kotirovka sorğusu 41,5 faiz, açıq tender (elektron daxil olmaqla) 25,3 faiz, təkliflər sorğusu 4,3 faiz, bir mənbədən satınalma metodu 28,8 faiz paya malik olsa da, məbləğ baxımından satınalmada açıq tender (elektron daxil olmaqla) ümumi məbləğdə 30,3 faiz, təkliflər sorğusu 12,1 faiz, kotirovka sorğusu 1,7 faiz, bir mənbədən satınalma metodu isə 56 faiz təşkil edib”.

Azərbaycanda büdcə xərcləmələrinin mühüm hissəsi adətən 4-cü rübdə, ən çox da dekabr ayında reallaşır. Bu tendensiya satınalmalarda da özünü göstərir. Belə ki, 2021-ci ildə bütün satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib. Hesablama Palatası bu qənaətdədir ki, dövlət satınalmaları üzrə müqavilələrin ilin sonunda bağlanılması bank və akkreditiv hesablar üzrə qalıqların, eyni zamanda qabaqcadan ödəniş məbləğlərinin artımına şərait yarada bilər: “Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının 40,7 faizi ilin birinci yarısında, 59,3 faizi isə ikinci yarısında tətbiq edilib. Məbləğ ifadəsində bu göstəricilər 36,8 faiz və 63,2 faiz olub. Açıq tender üzrə satınalmaların 37,2 faizi və ya 676,3 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 36,4 faizi və ya 37,1 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 49,8 faizi və ya 361,5 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 39,2 faizi və ya 1 milyard 321,5 milyon manatı dördüncü rübdə reallaşdırılıb. Satınalmaların ilin sonunda həyata keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər yarada bilər. Belə ki, bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, akkreditiv hesablara yönəldilməsinə yol açır, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin podratçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb ola bilər. Eyni zamanda, ilin sonuna bağlanılmış müqavilələr növbəti büdcə ili üçün də vəsaitlərin düzgün planlaşdırılmasına mənfi təsirlərini ötürmüş olur”.

Palatanın sədri Vüqar Gülməmmədov deyir ki, rəhbərlik etdiyi qurum apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət edir: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO