“Rusiyanın öz ərazisində bir sıra Azərbaycan saytlarına girişi bloklamasını düzgün hesab etmirəm. Düşünürəm ki, media sərbəst və azad fəaliyyət göstərməlidir. Beynəlxalq hüququn da bu məsələdə mövqeyi birmənalıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O deyib ki, rəsmi Moskva tərəfindən belə addımları atılması ikitərəfli əlaqələrə xələl gətirən yanaşmadır.
Millət vəkili qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərə hər zaman həssas yanaşıb.
“Bu prinsiplə yanaşılsa, istər 44 günlük müharibə dövründə, istərsə də əvvəlki dövrlərdə Rusiya mediası davamlı olaraq Azərbaycan həqiqətlərini təhrif edir, Ermənistanın haqsız mövqeyini dəstəkləyirdi. Onda biz də gərək həmin saytları və kanalları bloklayaydıq”, - deyə Ceyhun Məmmədov əlavə edib.
Bəs Azərbaycan da adekvat addım atıb Rusiya kanallarının ölkə ərazisindəki yayımını dayandıra bilərmi?
Deputat hesab edir ki, hazırkı həssas məqamda maksimum diqqətli, təmkinli və soyuqqanlı olmalıyıq.
“Hazırda vəziyyət kifayət qədər gərgin və mürəkkəbdir. Qarabağda vəziyyəti gərginləşdirmək cəhdləri kifayət qədərdir. Ona görə vəziyyəti ciddi təhlil etməli, vəziyyətə dair mövqeyimizi davamlı bildirməliyik. Gələcəkdə daha sərt addımların atılması məsələsinə baxıla bilər. Ancaq reaksiyalar mütləq olmalıdır”, - deyə deputat fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya öz ərazisində bir neçə Azərbaycan saytına, o cümlədən Oxu.Az-a girişi bloklayıb.
Aqşin Kərimov
Zamantv.az