Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Müdafiə Nazirliyinin polkovnikinə cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələri ilə ittiham elan edilib. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.
Zamantv.az-ın məlumatına görə, polkovnikin həbsinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev "sherg.az"a bildirib ki, cəzaların tətbiq edilməsi digər qanun pozan vəzifəlilərə də mesajdır:
“Əvvəllər bu tip hadisələrin baş verməsi, görülən tədbirlər, məhkəmə qərarları paylaşılmadığı üçün qanunsuzluqlar davam edirdi. Cinayətə yol verən şəxs də düşünürdü ki, hansısa yolla məsələnin altından çıxacaq.
Mətbuat belə halları gündəmdə saxlamalıdır ki, qarşısı alınsın. Qanun pozuntuları barəsində cəmiyyətə informasiya verilməsi mühüm əhəmiyyət kəsb edir. Düzdü, qalib ordunun nüfuzu üçün bu sarsıdıcı haldır.
Lakin bu addımlar oğru insanların dövlət strukturlarından təmizlənməsi üçün vacibdir. Qəhrəman hərbçilərimiz dağda, boranda torpaqlarımızı qoruyarkən onlara ayrılan vəsaiti, texnikanı, silah-sursatı mənimsəyənlər cəzasız qalmamalıdır. Mənimsəməyə yol verənləri nə rəhbərlik, nə də məhkəmələrimiz bağışlayacaq. Onlar qanuna uyğun olaraq cəzalarını alacaqlar”.
Zamantv.az