Restoran nəqliyyatın yolunu bağlayıbMinval.info xəbər verir ki, Bakının Süleyman Sani Axundov küçəsində “Taksim Kebab” restoranı nəqliyyatın hərəkətinə mane olacaq addım atıb. Belə ki, obyektin qarşısında müştərilərin avtomobilinin dayanması üçün duracaq hazırlanıb. Buna görə, həm piyada səkisi kiçildilib, həm də yolun hərəkət hissəsi qismən bağlanıb.
Adını açıqlamaq istəməyən sürücülərdən biri minval.info-ya danışarkən bildirib ki, restoran həmin küçədə sıxlığın yaranmasına səbəb olur: “Hər gün bu yoldan istifadə edirəm. Restoran olan hissə maşınlar düzəməlli hərəkət edə bilmir. Obyektin qarşısında dayanan avtomobillər yolun bir tərəfin bağlayır. Onsuz da küçə dardır. Yolun sağı ilə gedən avtomobillər məcburiyyətdən sola çıxır. Biri digərindən yol istəyir. Buna görə də küçə yüklənir və sıxlıq, həmçinin tıxac yaranır. Bəzən bunlara görə qəza da olur. Yüngül qəzalar olsa da, maddi ziyan dəyir”.
Saytımıza müraciət edən şəxs bu vəziyyətin tezliklə aradan qalxmasını istəyir. O deyir ki, digər sürücülər də mövcud durumdan narazıdırlar.
Zamantv.az