“Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizədi olsa da, YAP yerli şöbəsi öz namizədinin təbliğat-təşviqatında iştirak etmir. Bütün imkanlar və inzibati resurslar “müstəqil” namizəd Cavanşir Feyziyevin xeyrinə cəlb olunub”.
Bu barədə Bizimyol.info-ya 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Sahib Kərimli bildirib.
S.Kərimli iddia edib ki, Cavanşir Feyziyevin seçki prosesində rəqabət apara bilmir: “Biznes çevrerəsinə aid olan namizəd Cavanşir Feyziyev inzibati resursların köməyi ilə seçicilərlə bir neçə görüş keçirib. Bəlkə düşünüblər ki, Cavanşir Feyziyev biznes imkanlarından istifadə edərək rəqabət aparacaq. Amma təbliğat-təşviqat dövrünü izləyəndə məlum olur ki, biznesmen Cavanşir Feyziyevin rəqabət imkanları yoxdur, inzibati resursların köməyi ilə seçiciləri kampaniyaya cəlb edir”.
S.Kərimlinin sözlərinə görə, seçkidə iştirakdə məqsəd vətəndaşları maarifləndirməkdir: “Seçicilərlə görüşümüzü sosial şəbəkə vasitəsilə canlı yayımda paylaşırıq. Mən bu seçki kampaniyasında maarifləndirmə prosesini həyata keçirirəm. Çünki Azərbaycanda seçki institutunun durumu, seçki şərtləri hamıya bəllidir. Çalışırıq ki bu fürsətdən istifadə edib vətəndaşları maksimum maarifləndirək, icma bacarıqlarını öyrədək. Həmçinin, vətəndaşların sosial problemlərini, sosial infrastruktur problemlərini camaatın öz dilindən paylaşırıq.
Hökumət elektron hökumət sisteminə keçdiyini bəyan etsə də, Şəkinin internet üzünə həsrət qalan kəndləri var. Minlərlə əhalisi olan kəndlərdə telefon xidməti belə yoxdur”.
Zamantv.az