[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır
Zamantv.az : - Son zamanlar Azərbaycanda tədris ocaqlarında, məktəb və bağçalarda baş verən hadisələr, təhsil müəssisəərində çalışan müəllimlərin işə qəbul zamanı psixoloji testlərdən, müayinələrdən keçirilməsi məsələsini gündəmə gətirib.

Bakı şəhər məktəblərinin birinin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı söz-söhbət səngiməmiş, digər bir məktəbin şagirdinin müəllim tərəfindən şagirdlərin gözü qarşısında başını divara çırpıb nalayiq ifadələr işlətməsi barədə məlumatlar gündəmi zəbt etdi. İndi də regiondakı bir körpələr evi-uşaq bağçasının tərbiyəçisi tərəfindən uşağa qarşı şiddət göstərən əməli-azyaşlı ilə kobud rəftarı ilə bağlı görüntülər ictimailəşdirilib. Sabah nə olacağını dəqiq bilməsək də, hər halda nəsə olacağı dəqiqdir.

Bu barədə Bizimyol.info saytına danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, gəldiyimiz nəticə - vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozması və s. Götürdüyümüz ölçü – axırıncı xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək müqaviləsini ləğv etmək, ən yaxşı halda isə uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu vurğulamaq, bu kimi əməlləri qətiyyətlə pisləmək. Hələ ki, bunlar...

“Bununla belə, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Uşaq hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu və bir cox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni, bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb.

Hələ, “Təhsil haqqında” Qanunun 11-ci maddəsini, “Müəllimlərin etik davranış Qaydaları”nda vurğulanan “Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir”; “Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır”; “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir” və hətta “Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir” kimi müddəaların daxil edilməsi, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməkdə müəllimin uşağın tərbiyəsinə qarşı bütün əks təsiredici imkanlarını məhdudlaşdırır” - deyə ekspert əlavə edib.

Ekspert hesab edir ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.

“Təhsil qanunvericiliyimizlə real həyatda yaranan fərqlilik, bunun əsas səbəblərindəndir. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyib. O da başa düşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl və vurulan şillə, ona edilmiş davranışdır. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz. Bəs, əgər, uşaq məktəbdə reketlik edirsə, ipə-sapa yatmırsa və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli...?” - deyən N.İsrafilov qeyd edib ki, ilk növbədə təhsil qanunvericiliyimizdə dəyişiklik edilməlidir. Düzdür, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ə müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və vəzifələrinə dair müəyyən müddəalar daxil edilib. Lakin bunlar yaranan vəziyyəti stabilləşdirmək üçün kifayət edirmi? Nə vaxta qədər deyək ki, şagirdin məktəbdən yayınmasına görə məktəb rəhbərliyi sorumlu olacaq? Bir çox dünya ölkələrində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunursa, biz niyə belə bir təcrübədən yararlanmayaq?

“Maraqlı olduğu qədər də, təəccübləndirici və təəssüfləndirici haldır ki, sanki məktəb, müəllim mövzusundan başqa digər mövzumuz yoxdur və yaşadığımız mühit elə təkcə məktəb, müəllim və şagirddən ibarətdir. Bir də ki, hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi nə dərəcədə düzgündür?

Nə demək olar, onu da bilmək olmaz ki, bəlkə də bu sosial sifariş olub, müəyyən qüvvələr tərəfindən ortalığa atılan bir oyundur. Baxmayaraq ki, bilərəkdənmi, bilməyərəkdənmi, məktəbin, müəllimin, adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz üçün, bütövlükdə heç cəmiyyətimiz üçün də baş ucalığı gətirən hal deyil. Nəticələr üzərində deyil, səbəblər üzərində düşünməlik”...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
Zamantv.az : - Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

Müraciəti təqdim edirik:

- Cənab Prezident,

Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekres dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçmiş və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq.

Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?

Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.

Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur.

Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.

Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Müraciəti imzalayanlar:

1. Tural Gəncəliyev – müstəqil deputat

2. Etibar Əliyev – müstəqil deputat

3. Vüqar Bayramov – müstəqil deputat

4. Zaur Sadıqbəyli – hüquqşünas, Fransa

5. Mayisə Ağamirzəyeva – Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru

6. Yaşar Musayev – Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri

7. Rəşad İbrahim – Belçika Azərbaycanlıları Federasiyasının həmsədri

8. Arzu Həsənova – Lüksemburq “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini

9. Əliməmməd Nuriyev – hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti

10. Sahib Məmmədov – hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri

11. Çingiz Qənizadə – hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri

12. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai birliyinin sədri

13. Günel Səfərova – hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

14. Novela Cəfərova – hüquq müdafiəçisi, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri

15. Səltənət Qocamanlı – hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

16. Hafiz Həsənov – hüquq müdafiəçisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri

17. Səadət Bənənyarlı – hüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai Birliyinin sədri

18. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri, II Dünya Müharibəsi iştirakçısı

19. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini

20. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

21. Mayis Əliyev – "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

22. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri

23. Xanım Əhmədzadə – “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri

24. Rəfail Becanov – İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri

25. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri

26. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri

27. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun rəhbəri

28. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru

29. Mehriban Zeynalova – “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

30. Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri

31. Vüqar Qədirov – Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri

32. Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri

33. Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri

34. Xatirə Vəliyeva – “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

35. Əbil Zeynalov – “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək“ İctimai Birliyinin sədri
AZƏRTAC
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT
Ülkər Kərimova ona qarşı "İntermedservis" MMC-nin təsisçisi İlham Əliyev tərəfindən başlanmış, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov və Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadə tərəfindən davam etdirilən qanunsuz hərəkətlər barədə dəfələrlə Respublikanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə dəfələrlə müraciət etsə də, heç bir əməli tədbir görülmədiyini deyir…

"İntermedservis" MMC-nin (“Yeni Gəncə” Tibb Mərkəzi) sabiq icraçı direktoru Ülkər Kərimova Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimovun qanunsuz və ədalətsiz hərəkətlərinə etiraz əlaməti olaraq, intihara cəhd edib.

"Zamantv.az"ın Hurriyyet.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə iki gün əvvəl – yanvarın 15-də baş verib. Əməkdaşımız bu gün xəstəxanadan ev şəraitinə buraxılan Ülkər Kərimova ilə əlaqə saxlayaraq, baş verən hadisənin səbəblərini araşdırmağa çalışıb:

Məlumata görə, Ülkər Kərimova 15.01.2022-ci il tarixdə, saat 18:40-da təcili yardım maşını ilə ağır vəziyyətdə Gəncə şəhər Təcili Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Reanimasiya şöbəsinin növbətçi həkimınin dediyinə görə, xəstəyə dərman zəhərlənməsi diaqnozu qoyulub və təxirəsalınmaz reanimasiyon tədbirlər görülərək, həyatı üçün olan təhlükə aradan qaldırılıb. Bildirilir ki, xəstə intihar məqsədilə çoxlu miqdarda hipotenziv (30 ədəd kaptopiril) dərman həbləri içib.

Ülkər Kərimovanın əməkdaşımıza söylədiklərini olduğu kimi dərc edirik: “Gəncə şəhər Baş Polis Şöbəsinin Təhqiqat və İstintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin mənimlə zərərçəkən kimi yox, cinayətkar kimi davrandığını, Məhkəmə Tibbi Ekspertizanın rəyinin nəticəsinə müdaxilə etdiyini nəzərə alaraq, onun apardığı təhqiqatın obyektivliyinə məndə inam qalmadığı barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova 22.11.2021- ci il tarixdə müraciət olunmuşdur. Mənim müraciətlərimdən sonra Rəşad Məmmədzadənin araşdırmanı daha da qərəzli aparması özünü biruzə vermişdir. Belə ki, Rəşad Məmmədzadənin Azərbaycan Respublikasının Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Gəncə şəhər şobəsinin müdiri Cavanşir Əliyevə təzyiq göstərərək, ekspert rəyinin dəyişdirilərək daha yüngül xəsarətlə əvəzlənməsi, dəyişdirilməyəcəyi halda təkrar komission ekspertiza təyin edəcəyi barədə hədə-qorxu gəlməsi onun araşdınmanı qərəzli aparmaqla, qarşı tərəfin mövqeyini müdafiə edərək, cinayətin ört-basdır edilməsi istiqamətində fəaliyyətini təsdiq edir. Mən 03.12.2021-ci il tarixdə Bakı şəhərində Potoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyində təkrar komission ekspertizadan keçirilmişəm və barəmdə verilmiş “yüngül xəsarət” almağım haqda ekspert rəyi qüvvədə saxlanılsa da, Rəşad Məmmədzadə 29.12.2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir və bu barədə mənə heç bir məlumat verilməmişdir.

14.01.2022- ci il tarixdə vəkilim Elxan Osmanovla birlikdə təhqiqatın gedişi ilə maraqlanmaq məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə getdikdə, o, bizə Cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etdiyini bildirmişdir. Rəşad Məmmədzadənin qəbul etdiyi qərar barədə mənə rəsmi məlumat verməməsinin məqsədi mənim qərardan veriləcək şikayət hüququmun müddətinin keçməsi məqsədini daşıyır.

Mənə qarşı daha bir təzyiq və ədalətsizlik Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən başlamışdir və davam edir. Belə ki, Gəncə şəhər Prokurorluğu tərəfindən vəzifəli şəxs kimi mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə uyğun olaraq inzibati icraatın başlanması barədə qərarına əsasən başlanmış inzibati icraat düzgün aparılmamış və birmənalı şəkildə Ayaz Rəhimov tərəfindən mənə bilbirilmişdir ki, “Prokurorun qərarı olduğu üçün biz bunu müzakirə edə və prokuror tərəfindən aizə cərimə inzibati tənbeh növünün tətbiq olunması tapşırıldığı üçün biz heç nə edə bilmərik”. Nəticədə Ayaz Rəhimov tərəfindən mənə eyni vaxtda İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat və 3500 (üç min beş yüz) manat məbləğində, cəmi 6500 (altı min beş yüz) manat cərimə tətbiq olunmuşdur. Ayaz Rəhimov Prokurorun qərarını mənim iştirakımla müzakirə etməmiş, mənim irad və təkliflərimi, əlimdə olan zəruri sənədləri (işçi ilə bağlanmış xidməti müqaviləni) və izahatımda göstərdiyim halları araşdırıb nəzərə almadan, hətta tərəfimdən inzibati xəta törədilmiş olsa belə, həmin inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılaraq davam edən inzibati xəta olmadığını, mənim əmək müqaviləmə 2 ay öncə xitam verildiyi üçün mənim artıq vəzifəli şəxs statusu daşımadığımı, tərəfimdən törədilmiş inzibati xətanın insan həyatını xilas etmək zərurətindən yarandığını nəzərə almayaraq, yenidən 07.12.2021-ci il tarixdə Ayaz Rəhimov tərəfindən barəmdə İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xətanın aradan qaldırılması nəzərə alınmadan 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bir ayın ərzində mənə 7200 (yeddimin iki yüz) manat məbləğındə cərimə tətbiq edilmişdir”.

Ülkər Kərimova ona qarşı "İntermedservis" MMC-nin təsisçisi İlham Əliyev tərəfindən başlanmış, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional şöbəsinin rəisi Ayaz Rəhimov və Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rəşad Məmmədzadə tərəfindən davam etdirilən qanunsuz hərəkətlər barədə dəfələrlə Respublikanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə dəfələrlə müraciət etsə də, heç bir əməli tədbir görülmədiyini, əksinə ona qarşı ədalətsiz hərəkətlərin daha da böyük vüsət aldığını və bu səbəbdəndə intihar etmək qərarına gəldiyini bildirmişdir.

Sonda onu da qeyd edək ki, Ülkər Kərimova pozulmuş hüquqları aidiyyatı orqanlar tərəfindən bərpa olunmadığı halda, intihar edəcəyini bildirib.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ
Bakıda məşhur restoranların icarədarı olan şəxs həbs edilib. O, iki nəfərə qarşı dələduzluqda ittiham olunur. Aldadılan şəxslərdən biri məşhur klinikanın baş həkimidir.
"Zamantv.az" musavat.com-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən 36 yaşlı Nadir Babayev iki nəfəri iş qurmaq adı ilə aldatmaqda ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxs Tamerlan adlı tanışından İstanbuldan məşhur “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus müxtəlif çeşidli qab-qacaq gətirərərk Bakıda satmağı və qazanc əldə etməyi təklif edib. Bu məqsədlə də ondan 95 200 manat pul alıb. O , başqa bir nəfərdən- “Loğman” klinikasının baş həkimindən isə restoran tikib işlətmək adı ilə 58 min manat pul alıb.

Həbs edilən Nadir bildirib ki, 2018-ci ilin əvvəllərindən İstanbul şəhərindən “Paşa Bahçeli”, “Gural Porselen” və digər adları yadında qalmayan brend firmaların qab-qacaq və digər mətbəx avadanlıqlarını gətirməklə və restoranlar şəbəkəsi işlətməklə məşğul olub.

Müttəhim söyləyib ki, yaxşı qazanc əldə etdiyindən gətirdiyi malların çeşidini çoxaltmaq və dövriyyəni artırmaq məqsədi ilə sinif yoldaşı Sami Əfəndiyevdən borc pul götürüb, əldə etdiyi qazancdan ona da hörmət edib. Bundan sonra bu işi zərərçəkmiş kimi tanınan Tamerlana təklif edib.

Nadir bu işdən hər ay Tamerlana 2000-5000 manat arası qazanc vəd verib. Tamerlan pulları hissə-hissə sürücüsü Hafiz vasitəsi ilə Nadirin sürücüsü Orxana çatdırıb. Nadir də qazancı sürücü vasitəsi ilə göndərib.

Nadir bildirib ki, Tamerlandan aldığı pulları və öz pullarını Türkiyədən mal almaq üçün Suad Çakıcıya verib. Onun sözlərinə görə, Suad Çakıcıya verdiyi ümumi məbləğ 270 min dollardır. O, həmin məbləğin bir hissəsini Bakıda, bir hissəsini isə Türkiyədə Çakıcıya verdiyini bildirib. Onun dediyinə görə, Çakıcı və digər şəxslər sonradan yoxa çıxıb və onu aldadıblar. Buna görə də Tamerlanın pulunu qaytara bilməyib.

Avtomobilini borcunun qarşılığında Tamerlana verdiyini deyən Nadir bildirib ki, 8 100 manat nağd pulu da zərərçəkmişə qaytarıb. Amma maddi imkanı olmadığı üçün qalan pulu qaytara bilmir. O, Tamerlana 34 800 manat borclu olduğunu etiraf edib.

İş üzrə digər zərərçəkmiş şəxs isə “Loğman” klinikasının baş həkimi İlqar Quliyevdir.

Nadir İlqar Quliyevlə qayınatası İbrahim İbrahimov vasitəsi ilə tanış olub. İbrahim İbrahimov klinikaya gedib-gələrkən Mustafa adlı həkimə kürəkəninin restoranlar şəbəkəsi işlətdiyini deyib. Həkim də söhbət zamanı bunu baş həkimə bildirib.

İbrahim İbrahimov qeyd edib ki, Nadir Bakıda fəaliyyət göstərən məşhur “8 kafe”, “İncir”, “Park Çinar”, “Tezbazar” restoranlarını işlədir.

Baş həkim İlqar Quliyev sahibi olduğu klinikanın birinci mərtəbəsində restoran açmağı Nadirə təklif edib. Təklifə əsasən restoran açılıb və aylıq icarə haqqı olaraq İlqar Quliyevə 800 manat ödənilib.

Sonra İlqar Quliyev Nadirin işlətdiyi “8 kafe” restoranında olan zaman ərazidə olan boş torpaq sahəsini görüb və orada restoran tikməyi təklif edib. Nadir onunla razılaşıb. Restoran tikmək üçün 104 min manat lazım olub. Həmin məbləğin 58 min manatı İlqar Quliyev tərəfindən Nadirə verilib. Nadir həmin pulu ayrı-ayrı işlərə xərcləyib. Bir hissəsini Türkiyədəki işinə, bir hissəsini evinə, bir hissəsini isə Bakıda işlətdiyi resotoranların xərcinə verib. Amma nəzərədə tutulan restoran tikilməyib.

Nadir bu işlərdə özünü təqsirli bilməyərək söyləyib ki, dələduzluq etmək niyyəti olmayıb. O, baş verənləri uğursuz biznes adlandırıb.

Tamerlan ifadəsində bildirib ki, Nadirə ilk dəfə pul verəndən sonra qazanc olaraq 2 min manat pul alııb. Qazancı alması, Nadirin dediyi brend malların həqqiətən də məşhur mağazalar şəbəkəsində də satılması onda inam yaradıb. Buna görə də ona hissə-hissə pul verməyə başlayıb.

Amma bir müddət sonra Nadir ona qazanc verməyib. Tamerlan Nadirlə görüşmək üçün Türkiyəyə gedib. 3 gün orada qalsa da, Nadir iş gördüyü Türkiyə vətəndaşlarını onunla görüşdürməyib. Tamerlan Nadir tərəfindən aldadıldığını başa düşüb. Nadir isə Türkiyə vətəndaşı olan şəxslər tərəfindən aldadıldığını deyib. Bakıya qayıdan Tamerlan Nadirdən şikayətçi olub. Tamerlan hazırda Nadirdən 34 800 manatını tələb edir.

İlqar Quliyev ifadəsində bildirib ki, kafe açmaq istəyən zaman Nadir ona kömək edib. Kafeyə avadanlıqlar almaq üçün Nadirə 7500 manat verdiyini deyən baş həkim qeyd edib ki, bu iş alındıqdan sonra təqsirləndirilən şəxsə inamı yaranıb. Buna görə də oğlu Fəridin Nadirlə birlikdə restoran işlətməsini istəyib.

Nadir baş həkimlə restoran işi görmək üçün qərar veriblər. Buna görə Nadir əvvəlcə baş həkimi işlədiyi “Əncir”, “8 kafe” və digər restoranlara aparıb. Orada vəziyyətlə tanış edib, yaxşı gəlir əldə etdiyini göstərib.

“Mənə dedi ki, bütün bu işlər mərkəzləşdirimiş şəkildə kompüterlə idarə edir. Restoranlara gedəndə bizi administratorlar qarşılayırdı, onlara göstəriş verirdi. Restoranlar yaxşı işləyirdi. Hətta oraya müğənnilər də gəlirdi. Buna görə də ona inandım.

Oğlum Fərid üçün iş axtarırdım. Maraqlı kafe olsa götürüb işlətmək istədiyimi, kafenin avadanlıqlarını şərikli alıb qazancı yarıbayarı bölməyi təklif etdim. Nadir “Sahil” metrostansiyasının yaxınlığında binanın altında icarəsi 5000 manat olan təmirli kafeni icarəyə götürməyi təklif etdi. Ora müəyyən qədər xərc çəkilməli idi. Sonra “Fəvvarələr bağı”nın yaxınlığında ikimərtəbəli obyektin 8000 manata icarəyə verildiyini bildirdi. 2-3 gün sonra isə Nadirlə görüşəndə dedi ki, ən yaxşısı boş torpaq sahəsinə pul qoymaq, restoran tikməkdir”- deyən baş həkim bildirib ki, bu iş üçün Nadirə 58 min manat verib və aldadılıb.

Məhkəmədə Nadirin dostu Orxanın ifadəsindən isə məlum olub ki, qeyd edilən restoranın tikintisi üçün cəhd edilib, amma tikinti qanunsuz olduğu üçün icra hakimiyyətinin əməkdaşları işi dayandırıb.

Məhkəmədə o da məlum olub ki, Nadir istintaq zamanı həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Amma o məhkəmədən gizləndiyi üçün axtarışa verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir 6 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxslər vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia verməyiblər. Buna görə də məhkəmə onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edə biləcəkləri izah edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...
"Zamantv.az" xəbər verir ki, Bugünlərdə Tarif (qiymət) Şurasının qərarı ilə Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Son günlər ölkədə digər məhsullarla yanaşı, dərman qiymətlərində də artım müşahidə edilir. Qonşu ölkədə isə bunun əksinə, dərman qiymətlərinin ucuzlaşacağı bildirilir. “Bu gün Türkiyə bazarı açıldı, haradan ki, yüksək keyfiyyətli, ancaq münasib qiyməti olan dərman vasitələrinin ölkəyə idxalını nəzərdə tutur”.

Bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili qeyd edib. Nazirin dediyinə görə, uyğun qərara dünən imza atılıb. O qeyd edib ki, bu qərar tezliklə Gürcüstandakı dərman vasitələrini ucuzlaşdıracaq:

“Biz bu gün dövlət fərmanına imza atdıq, uyğun olaraq artıq Türkiyə bazarı açıq elan olunur və Türkiyədən yüksək keyfiyyətə malik GMP standartlarına uyğun dərman vasitələri idxal olunacaq. Bildiyiniz kimi, bunun mahiyyəti haqqında açıq şəkildə söhbət etdim, qiymətlər arasındakı fərq hiss olunacaq dərəcədə böyükdür, ən ehtiyac olunan dərmanların qiyməti bizdə 10 laridirsə, Türkiyə də həmin dərmanların qiyməti 1-2 laridir. Buna görə qərara gəldik ki, Türkiyə bazarı açaq. Bu qərar bu gündən etibarən qüvvədədir və ümid edirəm ki, idxalçılar Türkiyədən yüksək keyfiyyətli dərmanları gətirəcəklər, hansılar ki, əhəmiyyətli dərəcədə Gürcüstandakı dərman vasitələrinin qiymətlərini aşağı salacaq".

Qeyd edək ki, Azərbaycanda hələ ötən ilin son aylarından apteklərdə bir sıra dərmanları tapmaq mümkün deyildi. Bunun səbəbini soruşduqda isə satıcılar əsasən bir cavab verirdilər:

“Bu dərman depoda da yoxdur”. Artıq bir sıra dərmanların “depodan tapılması” nəticəsində baha qiymətlərə apteklərə “axın” etməsi isə onu göstərir ki, demək səbəb elə qiymət məsələsidir. Yəni dərman qiymətlərində də artım müşahidə edilir. Məsələn, Türkiyədə istehsal edilən dərmanlardan biri həmin ölkədə 9 manatdırsa, Bakıda onu 20-25 manata almaq mümkündür.

Əgər qonşu Gürcüstanda dərmanlar daha da aşağı qiymətə satılacaqsa, ölkəmizdə əksinə, qiymət artımına əsas səbəb nədir? DİA.AZ-ın məlumatına görə, həkim-farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirib ki, bu gün virus, immun sisteminin zəifləməsi və bununla əlaqədar müxtəlif xəstəliklərin çoxalması ilə dünyada, o cümlədən ölkəmizdə xəstəliklərin aktuallaşmaşı nəticəsində dərman sənaye qazanıb:

“Dərman bazarında isə istədikləri qiyməti diqtə edirlər. Digər tərəfdən, ölkəmizdə müharibədən əvvəl hökumətin dərman zavodunun açılması ilə bağlı qərarı var idi. Mən də bunu alqışlamışdım. Yerli istehsalla bağlı önəmli iki məqamlardan biri odur ki, ölkəmizdə istehsal edilir və alimlərimiz cavabdeh olurlar. Eləcə də yerli istehsal zamanı qiymət də ucuz ola bilər. Bu gün dünyada dərman sənayesi silah satışından sonra ikinci yerdə durur. Maraqlıdır ki, heç bir nefti, qazı olmayan Gürcüstan alıb ucuz satır, bizdə isə əksinədir. Tarif Şurası ancaq qiyməti artırmaq üçündürsə, onda heç bu quruma ehtiyac yoxdur. Sadəcə bildirsinlər ki, qiymət belədir. Ancaq digər məqam odur ki, əgər xaricdən dərman gətiririksə, qiymət artır. Bununla yanaşı, dərman ixdalında monopoliya olmamalıdır. Mən həkim kimi deyirəm ki, dərmanların qiymətinin artımı düz deyil. Çünki o dərmanları almağa pul lazımdır. İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Yəqin ki, dərman satışı ilə bağlı bir gün çox ciddi qərarlar olacaq, əks təqdirdə Tarif Şurası gündə bir qərar verir. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır. Nəticədə də həkimlər ortada qalır. Ancaq həkimlər dərman gətirmir, qiymət müəyyənləşdirmir. İnsanın sağlam olması üçün yaşadığı mühitin təmiz ərzağı ilə qidalanmalı, suyunu içməli, havasını qəbul etməlidir. Azərbaycan hökuməti dərman zavodlarını açsa, həm qiymət baxımından sərfəli olar, həm də keyfiyyətinə özümüz cavab verərik. İstərdim ki, dərman zavodları tez işə düşsün. Əks təqdirdə maxinatorlar keyfiyyəsiz dərmanlar da gətirəcək, istədikləri qiyməti də tətbiq edəcəklər və bunun qarşısını almaq çox çətin olacaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, əhalinin pandemiya dövründə alıcılıq gücünün aşağı düşməsi, dərman məhsullarına olan tələbin artması, məsələn, əhalinin 2021-ci ildə 24 faiz dərman xərcləri artıb və belə şəraitdə hökumət çalışmalıır ki, bazarda dərman qiymətləri optimallaşsın:

“Bu gün iddia oluna bilər ki, Tarif Şurası yuxarı həddi müəyyən edir və bu, onun qarşısını alan mexanizmdir. Ancaq hər kəs bilir ki, əksər dərmanlar bazarda Tarif Şurasının müəyyən etdiyi qiymətdən daha baha satılır. Burada atılacaq ən mühüm addımlardan biri, bizdə yerli istehsalın zəif olduğunu nəzərə alsaq, qısamüddətli dövrdə ölkəyə idxal olunan dərman vasitələrinin rüsum və ƏDV azad edilməsidir. Həmçinin dərman dövriyyəsinin, dərman ticarətinin topdan və pərakəndə satış hissəsinin vergilərdən azad edilməsinə ehtiyac var. Çünki bu, bizdə istehsal edilmir, insanlar səhhəti ilə bağlı çox zəruri məhsullardır. Hökumət burada müvafiq mövqe ortaya qoymaqla neft gəlirlərinin daha ədalətli bölüşdürülməsi istiqamətində bir addım atmış olur. Çünki dərmanı hər kəs, yoxsul da, zəngin də istifadə edir. Gəlirlərin paylaşmasında çox vacib mexanizmlərdən birinə çevrilə bilər. Uzunmüddətli dövrdə istehsal istiqamətli dəstək və təşviq mexanizmləri formalaşdırıla bilər”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox dərman şirkətləri daha əlverişli fəaliyyət mühiti axtarırlar: “Son illər Çin, Pakistan, Banqladeş bu istiqamətdə kifayət qədər bazar payına malik olmaqdadır. Xüsusilə də Hindistan əhəmiyyətli səviyyədə dərman istehsalında öz bazar payını genişləndirib və böyük şirkətləri ölkəyə cəlb edə bilib. Dərman şirkətləri hər zaman bu istiqamətdə təşəbbüslərə meyillidirlər. Hökumət inkişaf strategiyasında müvafiq məqamları nəzərə almalı, xüsusilə də xarici investisiyanın bu sahəyə cəlb edilməsinə çalışmalıdır. Çünki bu sahədə bizim təcrübəmiz çox azdır. Bizdə istehsal olunan məhsullar dünya bazarlarına çıxarıla bilmir, tələblərə cavab vermir. Xarici investisiyanın və təcrübənin bazarda olması çox vacib bir məsələdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Zamantv.az" APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib. F.Qarayev bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist olan Nigar adlı xalası qızı və başqa şəxslər yönləndiriblər: "Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini, sosialını alıb öz həyatını yaşayacaqsan".

Həyat yoldaşından 18 yaş böyük olan təqsirləndirilən şəxsin sözlərinə görə, o, Sevinclə qeyri-rəsmi evli olub. Bu, onun ikinci evliliyi olub, onların altı il davam edən evlilikdən iki övladı var.

Təqsirləndirilən şəxs deyib ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb: "Əvvəl feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar, sonra yenidən 128 elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq".

Prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin nümayəndəsi Zibeydə Sadıqovanın suallarını cavablandırarkən bildirib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirmiş. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını ağacla möhkəm döydüyünü də etiraf edib.

Füzuli Qarayev həyat yoldaşını qətlə yetirdiyinə görə peşman olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”
"Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, amma bizim banklarımızdan dollar almaq xeyli çətinləşib, bəziləri ümumiyyətlə satmır. Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alır".

Zamantv.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, bunları iqtisadçı, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. O, yuxarıda qeyd etdiyi paradoksu “tapmaca” adlandırır və onun cavabını tapmağa çalışır: "Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, ala bilmirlər, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özləri də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır. Dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də artır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi".

Devalvasiya olacaqmı? Əkrəm Həsənov deyir ki, böyük ehtimalla olmayacaq. O, bunun səbəbi kimi 2015-ci ildən fərqli olaraq neftin qiymətinin yüksək olmasını göstərir: "Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik, qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır: iqtisadi problemlər və sosial narazılıq arta bilər".

Bəs onda nə baş verir? Ekspert yeganə ehtimal kimi kimlərinsə "qara bazar"a pas ötürdüyünü, yəni onu təşviq etdiyini güman edir: "Dollara çox ehtiyacı olan sahibkarlar naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20 000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə yaman himayə edir bu "qara bazar"ı".

Onlar kimlərdir? Ə.Həsənov "qara bazar"ı stimullaşdıranları “cinayətkarlar” adlandırır: "Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Misal üçün, məsələni yuxarılarda elə təqdim edirlər ki, guya bir güllə ilə iki quş vururlar:

1) Devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı baş vermir. Sadə insanların xırda dollar ehtiyacları qarşılanır;

2) Valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır.

Mən bilmirəm, mövcud vəziyyəti kimlər yaradıb. Axmaqlar, canilər, yoxsa ingilisdilli qlamur "ağıllılar". Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət olunmalıdır. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir".

İqtisadçı vurğulayır ki, əks halda, dövlətə etimad azalır, xüsusən sahibkarlar tərəfindən. "Axı, son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz onlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan da onlardır. Əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən onlardır. Ən əsası isə, ölkədə sahibkarlıqla məşğul olmaq istəyən, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul da azalacaq, iqtisadi aktivlik də", - Əkrəm Həsənov vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."
“Ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir və bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır”. Zamantv.az yenicag.az-a istinadən xəbər verir ki, bunu mal və qoyun ətinin qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, ətin bahalaşmasına təsir edən bir neçə amillər var:

“Bunlardan biri plansız pambıq sevdasının örüş yerlərini və yem bazasını azaltmasıdır. İlin əvvəlində dizelin qiymətinin 34 faiz artırması da aqrar sektorda dalğavari qiymət artımına start verib. Eyni zamanda yem qiymətləri 40-50 faiz civarında bahalaşıb və buna görə də fermer qiymət artırmağa məcburdur. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir. Bu fonda fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır və onlar da qiyməti qaldırmalıdır ki, öz gündəlik xərclərini ödəsinlər. Əslində toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. Reallıq budur ki, mövcud iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq. Yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq”.

Qeyd edək ki, yanvar ayının ilk ongünlüyündən mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb. Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arası dəyişir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dan yeni əməliyyat - Həbs olunanlar var
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu barədə (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq müddətində məlum olmuşdur ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmuşlar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu