Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki “Əkbər” marketin ətrafında məişət tullantılarının vaxtında təmizlənməməsi barədə məlumat vermişdik.
Ərazidə yaranmaqda olan ekoloji fəlakətin qarşısı alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, müraciətdən sonra həmin ərazidə araşdırma aparılıb:
“Araşdırma zamanı həmin əraziyə sakinlər tərəfindən qabaritlərin atıldığı müşahidə edilib. Tullantılar nəticəsində yaranan xoşagəlməz vəziyyət qısa zaman ərzində aradan qaldırılıb. Eyni zamanda sakinlərə həmin əraziyə yenidən tullantıların atılmaması istiqamətində müvafiq xəbərdarlıq edilib”.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.
Zamantv.az