Əli Həsənovun AŞPA mövzusuna dair məqaləsi: "Dövlət öz mənafeyini qorumalı deyilmi?"

18:54 28.04.2018 539
Əli Həsənovun AŞPA mövzusuna dair məqaləsi: "Dövlət öz mənafeyini qorumalı deyilmi?"
Azərbaycan Prezidentinin köməkçisi, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının Azərbaycana qarşı fəaliyyəti ilə bağlı məqalə yazlb.

zamantv.az həmin yazını təqdim edir.

******

Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar.

Məlumdur ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmiş, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş vermişdir. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab İlham Əliyevə etimad referendumu kimi dəyərləndirildi. Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə "Formula 1” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər.

Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr var.

Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir "seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük.

Görünür, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn "söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib.

Məhz belə bir məqamda anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq "araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq.

Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq faktora çevrilməsi həmin dairələri məmnun etmir. Artıq daxildəki "5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil.

Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin "demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni "şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.

Azərbaycan xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyat keçirir, beynəlxalq təşkilatların tribunalarında xalqın mövqeyi ifadə olunur. Bir sözlə, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür və beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz və hörmət qazanmışdr.

İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir.

Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır. Heydər Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?

Ermənipərəst "People in Need”, eləcə də "Freedom House”, "Amnesty International” və "Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan "Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün "Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə "yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır?

Siyasi pərdəarxası xəbərlərin aktiv izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini belə stereotip düşüncəsi olan, yeni "fəth edilmiş” keçmiş sovet əyalətinə qənimət dalınca gedən "quldurlara” verib onlarlamı işləməliydik?

Əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?

2013-cü ildə iflasa uğramış bədnam "Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı "korrupsiya hesabatından” sonra yenidən "siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar. Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi?

Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil.

Biz ölkə daxilindəki opponentlərdən "niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, "niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda "qürurla” danışır. Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar.

Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı "iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin "iaşə müxalifəti” AŞPA-da ermənipərəst "People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir.

Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas "vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl "niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir.

İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?

Biz, bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözləyirik. Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb.

Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...