"Ermənistan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasının da ərazisini işğal edib. Buranın Azərbaycan ərazisi olması da gündəmə gəlmişdi".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa Şərur rayonunun Günnüt kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin kəndə təpələr uyğun olmadığına görə, yəni kəndi təpələrdən vurduqlarına görə kəndə giriş yoxuydu, orada ermənilər də yaşamırdılar: "Lakin indiki vəziyyətdə bizimkilər o təpəni götürməklə ən azından kəndin təhlükəsizliyini təmin etdilər. Məsələnin kökündə bu dayanır. Yoxsa kəndə ermənilər də girməmişdilər, amma istifadə olunmamış vəziyyətdə qalmışdı".
Millət vəkili bildirib: "Yaxşı ki bizim əsgərlər böyük qəhrəmanlıq göstərək bu addımı atdılar. Biz addım-addım, kənd-kənd, mövqe-mövqe də olsa torpaqlarımızı işğaldan azad etməliyik".
Naxçıvan istiqamətində əldə edilən uğurun Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlara təsirinə gəlincə, F. Mustafa qeyd edib: "Nə təsiri ola bilər? İşğalçıdan işğal olunmuş torpaqlarımızı azad etmişik".
Xatırladaq ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi, daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni" qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.
Zamantv.az