Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan Dağlıq Qarabağın yaşayış məntəqələrindəki 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqaları barədə məlumatın başlığında səhvə yol verilib. Azərbaycanın Qarabağ bölgəsinin Dağlıq hissəsinin adı "DQR" şəklində verilib. Bir müddət sonra isə rəhbərlik bu texniki səhvə düzəliş edib.
Redaktor.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Müdafiə Nazirliyinin saytına rəhbərlik edənlər ya savadsızdırlar, ya da qəsdən edirlər:
"Lakin mən savadsız olduqlarını düşünmürəm. Bundan öncə də yalan xəritə yayımlanmışdı. İndi də xəbər başlığındakı yanlışı texniki səhv adlandırıblar. Dağlıq Qarabağın əsas şəhərinin adı Xankəndidir. Amma Rusiya mətbuatında və rəsmi dairələrində Stepanakert adlanır. Bu da Azərbaycan cəmiyyətində narazılıqlara səbəb olur. Əlbəttə, biz bütün bunlara reaksiya bildirməliyik.
Yaxın günlərdə keçirilən sorğudan da aydın olur ki, Rusiya hərbçilərinə inam yoxdur. Bu barədə onlar da ətraflı düşünməlidirlər. Səbəblər də hərkəsə bəllidir - sülhmərmalılar erməniləri tərki-silah etmirlər, onların şərəfinə badə qaldırırlar, saxta xəritələr yayımlayırlar. Bölgədə onlar olana qədər belə məsəllər yox idi. Baş verənlər Rusiya Azərbaycan münasibətlərinə təsir göstərir. Hər iki dövlət arasında qonşuluq münasibətlərinin davam etməsini biz də istəyərik. Lakin belə səhvlər olmamalıdır".
Zamantv.az