Dünən Moderator.az-da Astara rayonu Asxanakəran ərazi icra nümayəndəliyinin Əzərüd kənd sakini, Astara rayonu B.Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin tarix müəllimi, aprel şəhidimiz Pəncəli Teymurovun əmisi Fərəcov Şirməmməd Hənifə oğlunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı şikayət məktubunu işıqlandırmışıq. Yazıda şikayətçi kəndlərində çəkilən yolların yarımçıq və bərbad halda olduğunu bildirərək ölkə başçısından məsələyə müdaxilə etməsini xahiş etmişdi.Həmin şikayət məktubu bu linkdə: moderator.az/news/223858.html
Qurumun mətbuat katibi Anar Nəcəfli Moderator.az-a açıqlamasında şikayətçinin ittihamlarına cavab verib. A.Nəcəfli deyib ki, yarımçıq qalmış işlər bu ilin yayında yekunlaşdırılacaq:
“Qış aylarına düşdüyünə görə o yollarda tikinti yekunlaşmayıb və istifadəyə də verilməyib. Bildiyiniz kimi Astarada çox sərt qış keçir. Yaxın günlərdə həmin ərazilərdə işlərə başlanacaq və yarımçıq qalmış körpünün də tikintisi davam etdiriləcək. Yolun üçüncü klometrliyində çökmüş asfalt beton örtüyü də təmir olunacaq. Sakinlərin narahatçılığına heç bir səbəb yoxdur. Yol tam müasir şəkildə təmir olunaraq sakinlərin istifadəsinə veriləcək”.
Zamantv.az