"Neftçi"nin futbolçusu Namiq Ələsgərov zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.
Milli.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Fərdi məşqlərə başlamışam. Çox şadam ki, bərpa prosesi gözlədiyimizdən daha tez gedir. Artıq 3-4 günə komanda ilə məşqlərə qoşulacam. Sözün düzü, buna ümid etsəm də, gözləmirdim. Amma sağ olsun həkimlər, əllərindən gələni etdilər ki, çempionatın başlamasınadək hazır olum".
Futbolçu yaşıl meydanlara dönüşünü səbirsizliklə gözlədiyini bildirib: "Komandaya kənardan baxmaq və kömək edə bilməmək çox ağırdır. Odur ki, dönüşümü səbirsizliklə gözləyirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Doğma azarkeşlərimizin gözləri önündə növbəti oyuna çıxmağı çox istəyirəm".
Xatırladaq ki, iyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsinin Macarıstanın "Uypeşt" klubu ilə ilk oyunda zədələnən Namiq sol dizində ön çarpaz bağ gərilmiş və hissəvi qopma olmuşdu.
Zamantv.az